Kişilər qadınlardan 2 dəfə çox idman etməlidir


ARAŞDIRMA
Qadınlar ürək sağlamlığı baxımından kişilərlə müqayisədə idmandan daha çox fayda görür, “Nature Cardiovascular Research” jurnalında dərc olunan tədqiqata görə, qadınlar həftədə cəmi 4 saat fiziki fəaliyyətlə məşğul olduqda, ürək-damar xəstəliklərinin, xüsusən də işemik ürək xəstəliyinin riskini təxminən 30% azaldır. Eyni təsiri əldə etmək üçün kişilərin həftədə doqquz saata yaxın idman etməsi tələb olunur.
Tədqiqatçılar bildirib ki, az miqdarda fiziki fəaliyyət belə sağlamlığa müsbət təsir göstərir. Həftədə 2,5 saat orta və ya intensiv idman qadınlarda xəstəlik riskini 22%, kişilərdə isə 17% azaldır. Ürək-damar xəstəliyi olan insanlar üçün də idmanın faydası sübut olunub: qadınlar cəmi 51 dəqiqəlik həftəlik fəaliyyətlə ölüm riskini azaldır, kişilərin isə bu effekti əldə etməsi üçün 85 dəqiqəlik idman lazımdır.
Mütəxəssislər fərqin bioloji səbəblərlə əlaqəli olduğunu bildirib. Qadınlarda estrogen hormonu damarları qoruyur və yağ yandırılmasını artırır, həmçinin onların əzələlərində dözümlülüyə cavabdeh liflər daha çoxdur. Bu amillər qadınların ürəyinin daha az məşq zamanı belə daha sağlam qalmasına kömək edir.

Saglamolun.Az