Abort dölün uşaqlıq boşluğunda tam formalaşmamış şəkildə xaric edilməsidir. Abort öz-özünə və ya süni şəkildə olur.
Hamiləliyin 12-ci həftəsinə qədər olan müddət ərzində süni uşaqsalma əməliyyatı aparıla bilər. Hamiləliyin 12-28-ci həftəsi pozulması gecikmiş abort (uşaqsalma) və ya süni dölsalma adlanır.
Abortların növləri
Klassik (cərrahi) abort hamiləliyin 7-ci həftəsindən 12-ci həftəsinə kimi aparılır. Abort vaxtı uşaqlıq boynu xüsusi dəmir cihazlar vasitəsi ilə aralanır və uşaq iti ilməşəkli bıçaqla (küret) parçalanıb cift ilə birgə uşaqlıq boşluğundan xaric edilir. Qeyd edək ki, həkim əməliyyat vaxtı nə dölü, nə də uşaqlığın divarlarını görmür.
Adi şəkildə aparılan cərrahi süni uşaqsalma əməliyyatına nisbətən, vakuum (mini) abort üsulu daha “yüngül” hesab edilir. Hamiləliyin 5-ci-6-cı həftəsinə qədər xüsusi ”sorucu” aparatla döl yumurtası uşaqlıq boşluğundan xaric edilir. Bu əməliyyatdan 2-3 saat sonra qadın evə gedə bilər. Mini abortdan sonra infeksiyaya yoluxma, iltihabi xəstəliklərin inkişaf etmə riski daha azdır. Lakin cərrahi şəkildə aparılan süni uşaqsalma əməliyyatına nisbətən mini abortdan sonra döl yumurtası qalıqlarının bir hissəsinin uşaqlıqda qalmaq ehtimalı daha çox hallarda təsadüf edilir. Bu halda cərrahi abort əməliyyatı aparılır.
Medikamentoz abort hamiləliyin 7 həftədən artıq olmayan müddətlərində xüsusi dərman preparatları ilə aparılır. Bu preparatların tətbiq edilməsinə müəyyən əks-göstərişlər də vardır. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə qadın daha asan yolla arzuedilməyən hamiləliyin qarşısını ala bilər.
Abortların təhlükələri
Hər bir qadın bilməlidir ki, hamiləliyin süni şəkildə pozulması onun orqanizmi üçün heç bir iz buraxmadan keçib getmir. Abort edən hər üç qadının, ilk hamiləliyi pozan hər iki qadının birində ağırlaşmalar baş verir. Müəyyən edilmişdir ki, abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Uşaqsalmanın ən ciddi ağırlaşmaları: qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq qanaxmaları (onlar uşaqlığın cərrahi yolla çıxarılması ilə nəticələnə bilər), uşaqlığın boyunun ciddi zədələmələri, hormonal pozğunluqlar, sonsuzluq.
Ən əsası və ən dəhşətlisi isə odur ki, abort - hələ ki doğulmamış insanın öldürülməsi deməkdir.
Demək olar ki, bütün tədqiqatçılar uşaqsalmanın qadının reproduktiv (nəsil artırma) fəaliyyətinə mənfi təsir göstərdiyini (növbəti hamiləliklərin vaxtından qabaq pozulması, uşaqlıqdankənar hamiləlik, sonsuzluq və s.) qeyd edirlər. Statistik məlumatlara əsasən süni uşaqsalmadan sonrakı dövrlərdə hamiləlik və doğuş zamanı mənfi fəsadlara 3 dəfə artıq rast gəlinir.
Bir çox elmi müşahidələr nəticəsində aşkar edilmişdir ki, bir neçə uşaqsalmadan sonra doğulmuş körpələr daha çox hallarda müxtəlif anadangəlmə qüsurlara malik olurlar.
Günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır. Maidə surəsinin 32-ci ayəsində Uca Rəbbimiz belə buyurur: «…hər kəs yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.»
Uca Allah sizi doğru yola yönəltsin və öz mərhəmətini sizlərdən əskik etməsin!
Saglamolun.Az