Uşağınızın fiziki inkişafını qiymətləndirin. CƏDVƏLLƏR

Uşağın fiziki inkişafı - onun sağlamlığının əsas göstəricisidir. Fiziki inkişafdan qalma böyük fəsadlara gətirib çıxara bilər.

Buna görə də valideynlər bütün inkişaf dövrlərində uşağın boy və çəkisinin normaya nə dərəcə uyğun gəldiyinə fikir verməlidirlər (cədvələ bax). Əgər normadan nəzərəçarpacaq dərəcədə uyğunsuzluq görərsinizsə, mütləq pediatra müraciət edin.

Müayinədən sonra pediatr, lazım gələrsə, digər mütəxəssislərin məsləhətini də sizə tövsiyə edə bilər.

Boyda geriləmə və ya normadan artıq boyatma halları uşaqda hormonal pozğunluq və ya somatik xəstəlik olmasına dəlalət edə bilər.

Boyatma prosesinə bir çox faktorlar təsir edir. İlk növbədə boyatma uşağın qidalanmasından, orqanizmin zülal, karbohidrat, yağ, mineral maddələr və vitaminlərlə tam şəkildə təmin olunmasından asılıdır. Uşağın rasionu çoxçeşidli, kalorili, mikroelementlərlə zəngin olmalıdır.

Boyatmanı tənzimləyən əsas element - kalsiumdur. Hər il yaz və payız mövsümlərində uşaq kalsium preparatları və vitamin kompleksləri qəbul etməlidir (həkim məsləhəti ilə).

Əlbəttə, boyatma prosesinə irsiyyət də təsir edir. Qısaboylu və hündürboylu ailələr var.

Həddən artıq fiziki gərginliklər də (alçaq boylu idmançılarda olduğu kimi) uşağın fiziki inkişafını ləngidə bilər. Lakin bu o demək deyil ki, fiziki gərginlikdən tamamilə imtina etmək lazımdır.

Uşaq əsasən yuxuda, xüsusilə də səhər yuxusunda daha aktiv boy atır. Bu səbəbdən də əgər uşaq az yatırsa və erkən durmaq məcburiyyətində olursa, bu onun boy atmasına mənfi təsir göstərəcəkdir. Valideynlər bilməlidir ki, həkimlərin ümumi rəyinə əsasən uşaq və yeniyetmələr saat 22-dən gec yataga girməməlidirlər. Gecəyarı və daha gec yuxuya gedən uşaqlar vaxtında yatan uşaqlardan daha çox hallarda depressiyadan, nevrozdan əziyyət çəkirlər. Yuxuqabağı təmiz havada gəzinti də çox xeyirlidir. Uşağın yataq otağının havası tez-tez və uzun zaman, xüsusilə də yuxuqabağı dövrdə dəyişdirilməlidir.

Uşağın normal böyüməsi və inkişafı üçün ailədə olan psixoloji ab-hava çox böyük əhəmiyyət kəsb edir. Kifayət qədər qayğı, diqqət yetirilməyən, özünü mühafizə olunmuş hiss etməyən uşaqlar çox pis inkişaf edirlər.

Uşaq mürəkkəb psixoloji vəziyyətə düşən zaman onun inkişafı da zəifləyir. Uşağın bağçaya və məktəbə çətinliklə öyrəşməsi və ya valideynlərin boşanma fikrinə düşməsi buna misal ola bilər.

İnkişafa təsir edən amillərdən biri də uşağın cinsidir. Heç kim üçün sirr deyil ki, oğlan uşaqları qızlara nisbətən daha tez inkişaf edir və boyda onlardan daha uca olurlar. Yalnız cinsi yetkinlik dövrünə qədər olan az bir müddət ərzində, istisna olaraq, qızlar daha tez inkişaf edir.

Saglamolun.Az