Cavablandırır: Vital Klinikanın rəhbəri mama-ginekoloq Afaq Məcidova
1. Hamiləliyin ilk dövrlərində qarında ağrı nədən ola bilər?
Hamilək zamanı normal halda ağrı olmamalıdır. Ağrıların bu kimi hallarda mümkündür:
- uşaqlıq əzələsinin yığılması (əzələ tonusunun artması) zamanı. Bu da uşaqsalmaya səbəb ola bilər.
- hamiləliyin inkişafdan qalması zamanı.
- uşaqlıqdankənar hamiləlik zamanı.
Ağrılar hamiləliklə əlaqədar olmaya da bilər. Hamiləlik zamanı yumurtalıq kistası, uşaqlıqda mioma olarsa bu ağrı yarada bilər. Sidik kisəsinin iltihabı, böyrək sancısı, kolit, babasil zamanı da qarında ağrı ola bilər. Bəzən ağrı onurğa ilə əlaqədar da (fəqərə arası disk yırtıqlar, protruziya) yaranır.
2. Ürəkbulanması hamiləlik üçün təhlükəlidirmi?
Ürəkbulanması hamiləliyin yüngül toksikozudur. Əgər qusma ilə nəticələnmirsə və qidalanmaya mane olmursa, sadəcə təmiz havada gəzməklə, qida rejimini qaydaya salmaqla, 10-12-ci həftəsində öz-özünə keçib gedəcək.
3. Hamilə qadın uşağın tərpənməsini nə zaman hiss edir?
Qadın uşağın tərpənməsini ilk hamiləlikdə təxminən 20-ci həftəsindən, təkrar hamiləliklərdə təxminən 18-ci həftəsindən başlayaraq hiss edir.
4. Göbək ciyəsi uşağın boynuna dolanmışsa təbii doğuş mümkündürmü?
Göbək ciyəsinin uşağın boynuna dolanması qeysəriyyə əməliyyatı üçün göstəriş sayılmır. Sadəcə olaraq hamiləlik zamanı dölün bətndaxili hipoksiyaya uğramasının qarşısını almaq lazımdır.
Doğuş həkimi bu haqda mütləq məlumatlı olmalıdır. Doğuş zamanı hamilə həkimin dediklərinə düzgün əməl edərsə və doğuş taktikası düzgün seçilərsə, döl tam travmasız doğulur.
5. Əgər qadın hamilə olduğunu bilmədən rentgen müayinəsindən keçmişsə və ya dərman preparatları qəbul etmişsə, bu hamiləliyi pozmaq lazımdırmı?
Hamiləlik normal inkişaf edirsə, qorxmaq lazım deyil. Hamiləliyin ilk dövrlərində qadın hamilə olduğunu bilməsə belə təbiət körpəni ziyanlı faktorlardan qoruyan mexanizmlər yaratmışdır.
6. Hamiləlik zamanı qadında doğuş qorxusu varsa nə etməlidir?
Doğuş qorxusu qadında 2 halda olur. İlk dəfə hamilə olan qadınlar doğuş ağrılarından, travmasından, onu əhatə edəcək tibb personalının kobud rəftarından qorxur. Bəzən isə qadın əvvəllər doğuş zamanı çəkdiyi əziyyətləri, ağrıları yaddan çıxara bilmədiyi üçün doğuşdan qorxmağa başlayır.
Buna görə də qadın doğuşa fiziki və psixoloji hazırlanmalıdır. Vital Klinikada “Analar məktəbi” fəaliyyət göstərir. Burada qadın doğuş haqqında bilməli olduğu bütün məlumatları alır, onu narahat edən sualarına cavablar tapır, xüsusi idman məşğələrində iştirak edir, doğuş zamanı özünü necə aparmalı, necə nəfəs almalı öyrənir. Bundan əlavə südverməyə hazırlıq, uşağa qulluq barədə də faydalı məlumatlar əldə edir.
Hamilə üçün həm də doğuş həkiminin vaxtında seçilməsi çox önəmlidir. Qadın doğuş həkimi ilə sıx, doğma ünsiyyət yaratdıqda doğuşa daha rahat, daha ürəkli gedəcək, doğuş zamanı həkimlə doğan qadın arasında qarşılıqlı işbirliyi yaranacaq ki, bu da doğuşun rahat və travmasız keçməyini təmin edəcək.
Saglamolun.Az