Hamiləliyin 3-cü ayı ilk trimestrin (üçaylıq) sonudur. İlk trimestr hamiləliyin ən təhlükəli və məsuliyyətli dövrdür.
Hamiləliyin 11-12 həftəsindən başlayaraq embrional dövr bitir və körpə artıq "embrion" deyil, "döl" adlanır. Demək olar, bütün əsas orqan və sistemlər formalaşıb, körpə aktiv şəkildə böyüməyə və daha da inkişaf etməyə davam edəcək.
Döl qol və ayaq hərəkətləri edir, başını yanlara çevirir, ağzın açır, udur. Onun ölçüsü 9 sm-ə çatıb.
Cift artıq formalaşıb və bu o deməkdir ki, körpə bir çox mənfi təsirlərdən daha yaxşı qorunmuş olacaq.
Hamiləliyin 3-cü ayında da qadını toksikoz narahat edə bilər. Bir çox qadınları əhvalın tez-tez dəyişilməsi, əsəbilik, ağlağanlıq, səbirsizlik, iylərə həssaslıq və kəskin reaksiya, yuxululuq, zəiflik kimi simptomlar narahat edir. 3-cü aydan sonra həm toksikoz, həm də sadaladığımız simptomlar tədricən azalır.
Hamiləliyin 3-cü ayında süd vəziləri xeyli böyüyür, onların üzərində gərilmələr əmələ gəlir, damarlar daha aydın görünür.
Orqanizmdə olan qanın həcmi artır ki, bu da damarlara olan gərginliyi artırır. Qadında varikoz xəstəliyinə meyl varsa, ayaq damarları gözəçərpan olur, ayaqlarda ağırlıq hissi yaranır. Belə qadınlar diqqətli olmalı , ayaq üstə daha az vaxt keçirməli, çəkisinə daim nəzarət etməli, həkimin məsləhəti ilə xüsusi kompression corab və ya kolqot geyinməlidir. Bu varikozun inkişafını əngəlləyə bilər.
Artıq daha enli paltarlara üstünlük verin ki, bel, omba və çanaq enlənməyə, qarın isə böyüməyə başlayır.
İlk trimestr ərzində qadın normada təxminən 2 kq çəki yığır.
Hamiləliyin 3-cü ayında bir çox qadınları baş ağrıları narahat edir. Bu hormonal dəyişikliklərlə bağlıdır. Həkimlə məsləhətləşmədən hər hansı dərman və ya bitki dəmləməsi içmək olmaz.
Hamiləliyin 3-cü ayında da qadın daim həkimlərin nəzarətində olmalıdır. Fol turşusunun qəbulu da əvvəlki aylarda olduğu kimi çox vacibdir.
Hansı simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət etmək lazımdır?
- qarın və bel nahiyəsində ağrılar, ağırlıq hissi
- qanlı ifrazatlar
- vaginadan qeyri-təbii ifrazatlar (yaşıl, irinli, köpüklü, iyli və s.), qaşınma və yandırma hissi.
Saglamolun.Az