Ağcaqanadlar!!!

Yayda ağcaqanadlar ən böyük problemlərdən birinə çevrilir. Ağcaqanadlarla mübarizədə insanlar müxtəlif vasitələr istifadə edir.

Lakin onu da bilmək lazımdır ki, bu vasitələr heç də ziyansız deyil və onların düzgün istifadə edilməməsi insanın səhhətinə ciddi ziyan vura bilər.

Ən tez-tez istifadə olunan ağcaqanad əleyhinə preparatlar quru ("lövhəciklər") və maye şəklində olanlardır. Bu preparatlar xüsusi "fumiqator" adlandırılan aparata yerləşdirilir və aparat qızdıqda preparatın tərkibində olan maddə (zəhər) buxarlanaraq ağcaqanadları öldürür.

Rozetkaya taxdıqdan 30 dəqiqə sonra vasitə ağcaqanadlara təsir etməyə başlayır. Fumiqator yalnız 1-2 saat ərzində elektrik rozetkada qalmalıdır. Bu kifayət edir. Nəzərinizə çatdıraq ki, bu zaman otağın pencərələri açıq olmalıdır. Əks halda bu vasitələrin tərkibində olan zəhərin konsentrasiyası otağın havasında artır, zəhər nəfəsalma zamanı insanın qanına düşür və nəticədə vasitə artıq ağcaqanadlar üçün deyil, insanlar üçün ziyanlı olur.

Allergiyaya meyilli olan insanlarda bu vasitələr allergik reaksiyalara səbəb ola bilər (dəridə səpgilər, allergik zökəm, asqırma, hətta insan həyatı üçün təhlükəli olan Kvinke ödemi).

Əgər siz ağcaqanadlardan təbii vasitələrlə qorunmaq istəyirsinizsə, bu kimi vasitələri sinaqdan keçirə bilərsiniz.

Beləliklə,

- Bir çox efir yağlar (evkalipt yağı, cirə yağı və s.) ağcaqanadların "xoşuna gəlmir". Bu yağların bir neçə damcısını pambığa damızdırın və pəncərənin qabağında qoyun və ya gecə lampasının üzərinə damızdırın. Bu yağların bir neçə damcısını dərinizə sürtə bilərsiniz və ya yatmazdan əvvəl vanna qəbul etdikdə suya tökə bilərsiniz.

- Pişikotu (valeryan) damcıları da istifadə etmək olar.

- Ağcaqanadlar  reyhanın iyini "sevmir". Bu göyərtini evdə dibçəklərdə əkib pəncərələrin qabağına qoymaq olar.

Ağcaqanad dişlədikdən sonra qaşınma və göynəmə ilə ən yaxşı vasitə duz məhluludur. 1 cay qaşığı duz və ya soda bir qədər su ilə qarışdırılır və dişlənmiş yerə sürtülür. Bundan əlavə kəsilmiş soğan tikəsi, bir qədər xama, spirt da göynəmənin qarşısını alır.

Ağcaqanadlar niyə dişləyir? Yalnız dişi ağcaqanadlar insan və heyvanların qanı ilə qidalanır. Mayalanmış dişi ağcaqanada yumurtaların qoyulması üçün zülal tələb olunur. Erkək ağcaqanadlar isə əksinə vegetariandırlar. Onlar qanla deyil, arılar kimi, güllərin nektarı ilə qidalanır.

Ağcaqanadlar qaranlıq otaqda insanı asanlıqla tapırlar. Onların bığlarının üzərində xüsusi sensorlar var ki, bu sensorlar insandan gələn istiliyi və iyi hiss edir. Tərin tərkibində olan süd turşusunun iyini ağcaqanad hətta bir neçə kilometr məsafədə hiss edə bilər.

Yatmamışdan əvvəl ətir, dezodorant vurmayın. Bu sizi ağcaqanadlar üçün daha da "maraqlı" edəcək.

Ağcaqanadlar qadınları və uşaqları daha tez-tez dişləyirlər. Bunun səbəbi onların dərisinin daha nazik olmasıdır.

Dişlədikdən sonra ağcaqanadın tüpürcəyi insanın qanına daxil olur. Tüpürcəyin tərkibində olan yad zülallar insanda allergik reaksiyaya səbəb olur - dişlənmiş yer şişir, qaşınır. Əgər ağcaqanadların dişlənməsi sizdə güclü qaşınmaya, dərinin şişməsinə səbəb olubsa, hər hansı allergiya əleyhinə dərman istifadə edə bilərsiniz (suprastin, klaritin və s.).

Qışda ağcaqanadların əksəriyyəti yumurta qoymur və bu səbəbdən qanla qidalanmır.

Saglamolun.Az