Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində hələ yaxın müddətdə ölkədə kütləvi tədbirlərə icazə verilməyəcəyi bildirilib.
İnsanların sıx toplaşması, koronavirusa yoluxma riskini artırdığı üçün təhsil müəssisələri, restoranlar, toy və yaslarla bağlı qadağalar hələ də qalmaqdadır. Bu da növbəti aylarda toylarla bağlı yeni məhdudiyyətlərin qoyulması məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı “MediaPost” a danışan Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev məhdudiyyətlərin gözlənilən olduğunu bildirib:
“Kütləvi tədbirlərə icazə verilməməsində əsas məqsəd insanların bir yerə toplaşaraq xəstəliyə yoluxmasının qarşısını almaqdır. Toylar da kütləvi tədbir olduğu üçün insanların bir-birilə yaxın təmasda olması risklidir.
Bu tədbirlərlə bağlı məhdudiyyətlərin olması məsələsinə yaxın günlərdə baxılacaq. Hələ ki, bu barədə danışmaq tezdir. Gedişat nəzarət altına alınarsa, ara məsafəsini qorumaq şərtilə, yəqin ki, masaları bu şəkildə tənzimləmək olar. Bu da çox güman ki, Ramazan ayından sonraya qalacaq. Toya çağırılanların sayının azaldılması da mütləqdir. Təbii ki, say azaldılacaq, toylarla bağlı məhdudiyyətlər gətiriləcək".
Saglamolun.Az