Yad cismin tənəffüs yollarına düşməsi

Bu, əsasən uşaqlarda olan problemdir. Yad cisim tənəffüs yollarının istənilən sahəsində - burunda, qırtlaqda, traxeyada, bronxlarda, hətta ağ ciyərdə də ola bilər.

Yad cismin qırtlaq və traxeyada olması ən təhlükəli hal hesab edilir.

Yad cismin tənəffüs yollarının bu hissələrində olması havanın ağ ciyərlərə daxil olmasını tamamilə dayandıra bilər! Uşağa dərhal müvafiq tibbi yardım göstərilməzsə, o, həlak ola bilər!

Bəzi hallarda uşağın tənəffüs yollarına düşən yad cisim xeyli müddət ərzində (günlər, həftələr, hətta illər) özünü heç bir əlamətlə büruzə verməyə bilər. Bir müddət keçdikdən sonra isə bu yad cisim ağ ciyər qanaxması və digər ciddi fəsadların yaranmasına səbəb ola bilər ki, onları da yalnız cərrahi yolla müalicə etmək olar.

Ona görə də, hörmətli valideynlər, uşağınızı yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yarana biləcək təhlükələrdən xilas etmək üçün, sadəcə olaraq 3-4 yaşınadək olan uşaqlara çox kiçik oyuncaqlar, əşyalar və qida maddələri (qoz, fındıq və digər ləpələr, noxud və s.) verməyin, onların əlləri çata bilən yerlərə heç bir kiçik əşyalar qoymayın, kiçik uşaqları hər zaman nəzarətiniz altında saxlamağa çalışın!

Beləliklə, yad cisim uşağın tənəffüs yoluna düşdükdə, o boğulmağa başlayır, qışqıra bilmir, nəfəsi fışıltılı olur, öskürməyə çalışır, sifəti göyərməyə başlayır. Bu halda evdə olanlardan birinə və ya qonşunuza “təcili yardım” çağırmağı xahiş edin, özünüz isə ona ilk tibbi yardım göstərməyə başlayın. Barmaqlarınızla uşağın boğazında qalan əşyanı tutmağa çalışmayın - siz onu daha da dərinə itələyə bilərsiniz. Uşağı cəld hərəkətlə başı aşağı olmaqla çevirin və topuqlarından tutaraq yüngülcə (!) silkələyin. Əksər hallarda bu zaman ilişmiş yad cisim tənəffüs yolundan xaricə çıxır.

Əgər bu kömək etməzsə, aşağıda qeyd edilən tədbirlərə başlamaq lazımdır. (Bu tədbirlərə yalnız uşaq öskürməyə və nəfəs almağa bilmədiyi halda başlayın!)

1 yaşınadək olan uşaqlara ilk tibbi yardımın göstərilməsi:

1. “Təcili yardım” çağırın!

2. Uşağı üzü aşağı olmaqla qolunuzun üzərinə uzadın. Qolunuzu o dərəcədə aşağı salın ki, uşağın başı onun gövdəsindən aşağıda olsun. Sərbəst əlinizin ovucu ilə uşağın kürəkləri arasındakı sahəni 5 saniyə ərzində 4 dəfə olmaqla döyəcləyin. Sonra yad cismin xaric olub-olmadığını yoxlamaq üçün uşağın ağzına baxın.

3. İlkin cəhd nəticə verməzsə, uşağı üzü yuxarı olmaqla dizlərinizin üzərinə uzadın. Bu zaman uşağın başı onun gövdəsindən aşağıda yerləşməlidır. Sərbəst əlinizin 2 barmağını uşağın döş gilələrindən bir az aşağıda olmaqla döş sümüyünün üzərinə qoyun. Barmaqlarınızla uşağın döş sümüyünü cəld hərəkətlə 5 saniyə ərzində 4 dəfə elə sıxın ki, hər dəfə onun döş sümüyü 1,5 – 2 sm ensin. Uşağın qarnını sıxmayın! Bu hərəkətdən sonra uşağın ağzını yoxlayın - yad cisim görünərsə onu xaric etmək lazımdır.

4. Əgər yad cisim görünməzsə, uşağı üzü aşağı olmaqla digər qolunuzun üzərinə uzadıb onun kürəyinə daha 4 dəfə döyəcləyin. Bu iki üsulu bir-birini əvəz etməklə (kürəyinə 4 dəfə döyəcləmək, döş sümüyünü 4 dəfə sıxmaq) yad cisim xaric olanadək, həkim gələnədək və ya uşaq huşunu itirənədək təkrarlayın. Uşaq huşunu itirərsə, lazım olduqda ona süni tənəffüs verməyə başlayın (bax, “Süni tənəffüs”).

Əgər döş qəfəsi süni tənəffüs verilməsi zamanı qalxmayırsa, uşağın başının vəziyyətini dəyişərək təkrarən ağ ciyərlərə hava üfürməyə çalışın (hava üfürməsini ehtiyatla aparmaq lazımdır – belə ki, üfürülən hava ağız boşluğu və yanaqlar həcmindən artıq olmamalıdır). Əgər yad cismi xaric etmək mümkün olmazsa, uşağa 2 dəfə nəfəs vermək, 4 dəfə kürəyinə döyəcləmək, 4 dəfə döş sümüyünə təzyiq etmək (sıxmaq) və yenidən ağız boşluğuna baxmaq lazımdır. Bütün bu hərəkətlər yad cisim tənəffüs yolundan xaric olunanadək və ya həkim gələnədək davam etdirilməlidir. Kömək etdiyiniz zaman tez-tez uşağın nəbzini yoxlayın. Uşağın ürəyi dayanıbsa, ürəyin xarici masajını başlayın (bax, “Ürəyin xarici masajı”).

Bir qədər böyük yaş qrupunda olan uşaqlarda və boyüklərdə, tənəffüs yollarına yad cisim düşməsi zamanı ilk tibbi yardım fərqli surətdə aparılır:

1. İlk növbədə “təcili yardım” çağırın!

2. Əvvəl zərərçəkəni üzü aşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun (bax şəkilə) və kürəkarası nahiyəsinə bir neçə zərbə endirin.

3. Bu üsul kömək etmədiyi halda digər bir üsul istifadə olunur. Zərərçəkəni arxadan qucaqlayıb  əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzun baş barmağını zərərçəkənin göbəyi-ndən bir qədər yuxarı olmaqla qarının ortasına (yəni döş sümüyündən xeyli aşağıda olmaqla) sıxın.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla, tez və cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına təzyiq edin.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

4. Zərərçəkən huşunu itirərsə, onun nəfəs alıb-almamasını yoxlayın (onun döş qəfəsinin hərəkət edib-etməməsinə baxın). Əgər tənəffüs olmazsa, ona süni tənəffüs verməyə başlayın (bax, “Süni tənəffüs”). Əgər süni tənəffüs verərkən zərərçəkənin döş qəfəsi hərəkət etməzsə, onun başının vəziyyətini dəyişərək yenidən ona 2 dəfə süni tənəffüs verin. Sonra baş və şəhadəd barmağınızla onun ağzını açın. Əgər zərərçəkənin boğazında yad cisim olduğunu və onu xaric etməyin mümkün olduğunu görürsünüzsə, onu xaric edin. Zərərçəkənin nəfəs alıb-almamasını və nəbzini yoxlayın. Lazım olduğu halda ürək və tənəffüs üzrə reanimasiya tədbirlərinə (bax, “Ürəyin xarici masajı”) başlayın.

Son nəticədə, hətta yad cismi zərərçəkənin tənəffüs yollarından xaric edə bilsəniz də, onu mütləq həkim müayinəsindən keçirmək lazımdır.


Saglamolun.Az

..........

Загрузка...
.

Şərhlər  

#1 Ranar 10.04.2013 10:06
bu melumari bura yerlesdirdiyini ze gore size sonsuz tesekkur edirem,men cox adamdan sorusmusdum bunu hetta hekimden de sorusmusdu mki teneffus yoluna nese dusende neynemek lazimdir,dedi hecne otur gozle ve dua et ki ne vaxt kecib gedecek, adi insan hec amma bir hekimin bele demesi guluncdur.men bugune kimi ele bilirdim ki bunun caresi yoxdur.bu sayt vasitesile oyrendim.cox cox minnetdaram size. yeri gelmisken mende tez tez nefes yolunda nese galir))).ona gore cox axtarirdim bunu.


Загрузка...

Яндекс.Метрика