2019-2020-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinin I sinfə şagird qəbulu davam edir.
Elektron qeydiyyatdan əlavə, bu il tətbiq edilən bir sıra yeniliklər bu kimi düşüncələrə sahib şagird və valideynlərin yoluna işıq tutacaq.
2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrində 1 592 317 şagird təhsil alıb. Onlar arasında 165 780 nəfər I sinfə həmin tədris ilində qəbul olunanlardır.
Bu il isə I sinfə qəbulda elektron qeydiyyat sisteminin tətbiq dairəsi genişlənib. Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə də I sinfə şagird qəbulu elektron sistemlə həyata keçirilir.
Elektron sistem məcburi köçkün məktəblərindən tutmuş, Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalara qədərqeyd edilən ərazilərdəki bütün ümumtəhsil müəssisələrini əhatə edir. Yaşı, 8-dən yuxarılar, xüsusi qayğıya ehtiyacı olanlar, digər dillərdə təhsil almaq istəyənlər-bütün şagirdlər bu sistemdən faydalana bilər.
AzEdu.az I sinfə qəbulla bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə prosesin şərhini təqdim edir:
Elektron qeydiyyat nə vaxtadək davam edəcək?
Elektron sistem 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil almış şagirdlər üçün 11, məktəbəhazırlıqda oxumayanlar üçün isə 13 mart tarixində açılıb. Ərizələrin onlayn qəbulu qeyd edilən tarixlərdən sentyabrın 15-dək davam edəcək. Məktəbəhazırlığı dövlət hesabına oxumayan şagirdlər də elektron qeydiyyat 13 mart tarixindən başlayaraq keçməlidirlər.
Məktəbəhazırlıq qruplarında təhsil almış şagirdlərin elektron qeydiyyatı necə həyata keçirilir?
Öncə qeyd edək ki, I sinfə qəbulla bağlı bütün proseslər www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.
Məktəbəhazırlıq qruplarındakı uşaqların isə I sinfə qeydiyyatına ehtiyac yoxdur. Onların I sinfə qəbulu üçün sistemdə avtomatik elektron sorğu yaradılıb.Martın 11-i, saat 10-da belə valideynlərə qeydiyyatdan keçdikləri elektron ünvan və ya mobil telefon vasitəsilə elektron ərizəni çap etmələri ilə bağlı bildiriş göndərilib.Valideynin öhdəsinə düşən sadəcə övladının hansı məktəb və sinifdə təhsil alması barədə ərizəni çap edib, sentyabrın 15-dək qəbul olunduğu məktəbə təqdim etməkdir.
Məktəbəhazırlıq qruplarında oxumuş uşaqların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin dərs deməsi nəzərdə tutulub. Bu qayda, yalnız 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə aiddir.
Bundan əlavə, övladı məktəbəhazırlıq qrupunda oxumuş valideyn şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib, digər məktəb və müəllimi də seçə bilər.
Məktəbəhazırlıq sinfində təhsil alan və almayan şagirdlər orta məktəb daxilində eyni hüquqlara malikdirlər. Əgər məktəbəhazırlıq şagirdlərinin oxuduğu sinifdə əlavə yerlər qalarsa, məktəbəhazırlıq keçməyən şagird də ora qəbul oluna bilər.
Elektron qeydiyyat sistemindən istifadə imkanı olmayan valideyn nə etməlidir?
Qeydiyyat valideynin özü tərəfindən onlayn olmaqla bərabər, müəyyən olunmuş məktəblərdə yaradılan Alternativ Qeydiyyat Mərkəzlərində də aparılır. Bakı üzrə 50 belə AQM fəaliyyət göstərir.
Ümumilikdə, elektron sistem tətbiq edilən ərazilər üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. Elektron sənəd qəbulu sistemindən istifadə tamamilə ödənişsizdir. Qeydiyyat zamanı valideyn yalnız bir məktəb seçmək və sorğu yerləşdirmək imkanına malikdir. Qeydiyyat istifadəçidən mobil telefon və ya elektron poçt ünvanı kimi əlaqə vasitələri tələb edir.
Şagird sıxlığı müşahidə edilən məktəblərə kimlərin qəbul şansı daha yüksəkdir?
I sinfə qəbul üzrə müraciət çox olduqda bəzi məktəblərdə şagird qəbulu müxtəlif üstünlüklərə əsasən aparılır.Bu zaman aşağıdakı şərtləri ödəyən namizədlərə üstünlük verilir:
- Valideyni qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar;
- Valideyni həmin məktəbdə işləyən;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.
Bəs, heç bir şərtə cavab verməyənlər?
Bu üstünlüklərdən heç birinə cavab verməyənlər isə gözləmə siyahısına salınır. Siyahıdakı birinci valideyn ilk açılan yerə yerləşdirilir. Müxtəlif səbəblərdən övladını başqa məktəbə yerləşdirmək istəyən valideynin sorğusu silinən anda siyahıdakı birinci vətəndaşa bildiriş gedir. Bu proses “gözləmə menyusu” vasitəsilə aparılır.
“Gözləmə” menyusu vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər yazıla bilir. Valideyn gözləmə üçün növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.
Qeydiyyatda olduğu ərazi üzrə deyil, başqa bir yerdə kirayə yaşayan valideyn yaşayış yerinə yaxın məktəbə qəbul oluna bilər?
Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını həmin məktəbə qeydiyyatdan keçirə bilərlər. Amma bir şərtlə: yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra və həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda.
Kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Elektron qeydiyyat hansı ardıcıllıqla davam edir?
Ümumtəhsil müəssisəsinin I sinfinə qəbul üçün sorğu yerləşdirmək 3 addımdan ibarətdir. Öncə valideyn şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə şəxsi kabinet yaradır. Daha sonra övladını qeydiyyatdan keçirir və istədiyi məktəb, təlim dili, müəllim üzrə sistemə sorğu yerləşdirə bilir.
Proses boyunca tədris dili, lisey və gimnaziyalar, xüsusi qayğıya ehtiyac olanlar, digər dillərdə tədris, müsabiqə yolu ilə qəbul və s. bağlı valideynin qarşısına müxtəlif seçimlər çıxır. Sistem addımbaaddım istifadəçini izləyərək ona müxtəlif izahatlar verdiyindən heç bir çaşqınlığa əsas qalmır.
Başqa dillərdə təhsil almaq istəyənlərin elektron qeydiyyatında digərləri ilə müqayisədə hər hansı fərqlər var?
Bəli! Digər dillərdə təhsil almaq istəyən uşaqlar öncə yoxlamadan keçməlidirlər. Rayon Təhsil Şöbələrində onların şifahi nitq bacarıqları yoxlandıqdan sonra məktəb və müəllimi rahatlıqla seçə bilərlər.
Bunun üçün valideyn şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydə düşür. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə 2 iş günü SMS şəklində göndərilir. O cümlədən, bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında da öz əksini tapır. Digər dildə tədris aparılan bölmə üzrə müsahibə bütün rayon və şəhərləri əhatə edəcək.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideynin və uşağın şəxsiyyətini təsdiq sənəd tələb edilir.Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda lisey və gimnaziyaları seçibsə, yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi ilə razılaşmayan valideyn hər həftənin 3-cü və 5-ci günləri Rayon (Şəhər) Təhsil Şöbələrində (İdarələrində) təşkil edilmiş İşçi qruplarına müraciət edə bilər.
I sinfə qəbul olunacaq şagirdlər üçün yaş məhdudiyyəti qoyulub?
Ötən illərdə məktəbə yalnız sentyabrın 15-ə qədərki tarixdə doğulan uşaqlar qəbul olunurdular. Sentyabrın 15-dən dekabrın 31-dək olan aralıqda doğulanlar isə xüsusi müsahibədən keçməli idilər. İndi isə proses xeyli sadələşdirilib. Təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar uyğun vaxtlarda elektron qeydiyyatdan keçib sorğu yerləşdirə bilərlər.
Müxtəlif səbəblərdən vaxtında məktəbə gedə biməyən, yaşı 8-dən yuxarı olan şagirdlər də rahat şəkildə elektron qeydiyyatdan istifadə edə bilərlər. Belə uşaqları elektron qeydiyyatdan keçirən kimi, yaşın 8-dən yuxarı olması ilə bağlı bildiriş gələcək. Daha sonra Rayon Təhsil Şöbələrinə müraciət edib övladlarını istədikləri məktəbə yerləşdirə bilərlər. Belə şagirdlər üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb.
Ən çox verilən suallar isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Bu da bütün sualların cavabı:
Valideyn elektron qeydiyyat zamanı yalnız 1lisey seçə bilər. Lisey və gimnaziyalara qəbul oluna bilməyən şagirdlər isə yaşadıqları ərazi üzrə seçdikləri məktəbə qəbul olunacaqlar. Burada heç bir məktəblinin təhsildən kənarda qalmasından söhbət gedə bilməz.
Övladının lisey və gimnaziyalarda təhsil almasını istəyən valideynlər sistemə sorğu yerləşdirmək üçün bir çox proseslərdən keçir. Sistem özü avtomatik olaraq izahlı şəkildə valideyni izləyir. Valideyn tədris dili və bölməni, liseylər bölümünü seçdikdən sonra iki bölmə ilə qarşılaşır. Çünki liseylərə qəbul müsabiqə yolu ilə və ya ərazi üzrə üstünlüklərə görə aparılır.
Avropa liseyi, İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, İ. Əfəndiyev adına Elitar Gimnaziya, “Ankara Məktəbi” məktəb-lisey, “Zəngi” liseyi, 132-134 nömrəli Təhsil Kompleksi, 160 nömrəli klassik gimnaziya, 23 nömrəli tam orta məktəb, BSU Məktəb Lisey Kompleksi, “Tərəqqi” liseyi, T. İsmayılov adına 6 nömrəli məktəbə qəbul müsabiqə yolu ilə aparılır.
Qeydiyyat ünvanı üzrə həmin lisey və gimnaziyaların müəyyən edilmiş ərazisində yaşamayan valideynlər uşaqlarının oraya qəbulu üçün “müsabiqə yolu ilə qəbul” düyməni seçib “irəli” düymənini sıxmalıdır. Açılan pəncərədə istədiyi lisey və gimnaziyanı seçib “müsabiqəyə yazıl” düyməsini sıxır.
Belə valideynlərə mayın 20-dən sonra müsabiqənin yeri və tarixi barədə bildiriş göndəriləcək.
Valideynlər qeydiyyat ünvanı üzrə lisey və gimnaziyanın müəyyən edilmiş ərazisində yaşadığı halda isə övladları lisey və gimnaziyaarın təşkil etdiyi müsahibədə birbaşa iştirak etmək hüququ qazanır. Əks halda o, seçdiyi liseyin yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.
Məktəbə qəbul olunan şagirdin psixoloji durumunun yoxlanmamasını bəziləri birmənalı qarşılamır. Amma...
I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.
Valideyn hansı halda sorğusunu ləğv edə bilər?
Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideyn başqa məktəb seçimi edə bilər.
Hansı halda məktəbin şagirdi qəbuluna imtina cavabı verilə bilər?
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə, elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda şagirdin qəbuluna baxılmır.
Nəhayət, valideyn I sinfə şagird qəbulu üçün məktəbə aşağıdakı sənədləri təqdim etməlidir:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- Xarici ölkə vətəndaşları üçün-valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- Valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Son olaraq:
I sinfə elektron qeydiyyat şagirdin məktəbə qəbulunu daha əlçatan edir. Bununla yanaşı şəffaflıq prinsiplərinin qorunduğuna da əsas verir. Qeyd edilən prosesləri yerinə yetirən valideynin isə bircə işi qalır: ilk dərs günü övladının əlindən tutub qəbul olunduğu məktəbə gətirmək. Təbii ki, çap olunmuş ərizə və digər sənədləri təqdim etdikdən sonra.
Saglamolun.Az