Mütəxəssislərin fikrincə, kondisionerdən doğru şəkildə istifadə etmədikdə, bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
İsti havalarda insanların kondisionerlərə tələbatı artır. Az qala paytaxt sakinlərinin 99 faizi qızmar günəşin istisindən sərinləmək üçün davamlı olaraq kondisionerdən istifadə edir. Yaşayış evlərini, iş yerlərini, ticarət obyektləri, istirahət mərkəzlərini kondisionersiz təsəvvür etmək mümkün deyil. Hətta şəhər sakinləri kondisionerli havaya o qədər öyrəşib ki, ictimai nəqliyyatda belə kondisionerlərin olmamasına etiraz edirlər. Həkimlər isə vətəndaşlara mümkün qədər kondisionerlərdən az istifadə etməyi tövsiyə edir. Mütəxəssislərin fikrincə, kondisionerdən doğru şəkildə istifadə etmədikdə, bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. O, hətta insanı ölümə qədər apara bilər.
Sherg.az xəbər verir ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.
Alimlərin araşdırmasına görə, kondisioner otaqdakı oksigeni məhv edir. Ona görə də, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır.
Tibb üzrə ekspert, professor Adil Qeybulla da tövsiyə edir ki, kondisionerdən istifadə edərkən diqqətli olmaq lazımdır:
"Çalışmaq lazımdır ki, otaqdakı hava ilə çöldəki hava arasında çox böyük fərq olmasın. Bəzən hətta kondisioneri 16-18 dərəcədə işlədirlər. Otaq şəraitində bu temperaturu əldə etmək çətin olur. Digər tərəfdən, uzun müddət həddən artıq soyuq hava altında dayanmaq orqanizmdə müxtəlif xəstəliklərə səbəb olur. Çünki bu zaman orqanizmdə termo-requlyasiya prosesi pozulur və nəticədə soyuqdəymə baş verir. Kondisionerlər işləyən otaqda uzun müddət oturmaq və yatmaq olmaz. Həmçinin bu zaman soyuq maye və qidalar qəbul etmək düzgün deyil. Yay vaxtı yaranan soyuqdəymənin əsasında bu faktorlar dayanır. Belə məsələlərə diqqət etmək lazımdır.
Bundan başqa, kondisioner ildə bir dəfə təmizlənməlidir. Çünki orada çoxlu mikroblar olur. Hər dəfə kondisioner işlədikcə, bu mikroblar havaya buraxılır və insan orqanizminin nəfəs yollarına düşür. Bu isə pnevmaniya xəstəliyinə səbəb olur. Təəssüflər olsun ki, bir çox insan buna riayət etmir”.
Professorun sözlərinə görə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Kondisionerin, havanı soyutmaqla yanaşı, nəmləndirici təsirinini olduğunu qeyd edən ekspertə görə, havada olan su damcıları nəm şəkildə yenidən havaya buraxılır:
"Yeri gəlmişkən, kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütləsi birbaşa insanlara təmas etməsin. Neytral bir zona daha məqsədəuyğundur. Bu kimi məsələlərə başdansovdu yanaşmaq olmaz. Xüsusilə uşaqların olduğu evlərdə otağın havası nəzarətdə saxlanılmalıdır. Uşaq olan otaqda fasiləsiz kondisioner istifadə etmək olmaz. Otağın temperaturu sərinlədikdən sonra kondisioneri söndürmək lazımdır. Kondisionerin uzun müddət işləməsi uşaqların yuxarı tənəffüs yollarında virus və infeksiyaların fəallaşmasına səbəb ola bilir”.
Pediatr Vaqif Qarayev isə kondisionerin yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaratdığını deyib. Onun sözlərinə görə, kondisioner işləyən otaqda havada ventilyasiya olmur. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri öz yerinə qayıdır:
"Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də törədir. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığışdığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq qaçmalıdır.
Saatlarla kondisionerin işləməyi düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı, pəncərəni açıb otaqda bir ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır”.
Həkim deyib ki, kondisionerin altında yatmaq qətiyyən olmaz, çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür: "Kondisioner olan otaqda çılpaq gəzmək olmaz. Yaxşı olar ki, sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Bu, soyuq hava ilə dəri arasında bir boşluq yaradır. Yəni soyuğun birbaşa təsirinin qarşısını alır”.
Pediatr bir yaşadək uşaqlar olan otaqda kondisionerdən istifadə etməyi yolverilməz hesab edir:
"Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma dözür, amma uşaq orqanizmi dözə bilmir. Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner qətiyyən olmaz. Uşaq olan ailələr bunu gərək tənzimləsin. Tutaq ki, axşam saatlarında uşaqları təmiz havaya çıxartmaq lazımdır”.
Saglamolun.Az