Oynaqların sağlamlığını necə qorumaq lazımdır

Oynaq xəstəliklərinə çox tez-tez təsadüf edilir. Bu xəstəliklər oynaqlarda ağrılara, şişkinliyə, oynaqda hərəkətliliyin pozulmasına səbəb olur.

Müalicəsiz buraxılmış oynaq xəstəlikləri iş qabiliyyətinin kəskin məhdudlaşdırılmasına və hətta əlilliyə səbəb ola bilər.

Qadınlarda bu xəstəliklər kişilərlə müqayisədə daha tez-tez inkişaf edir.

Oynaqların sağlamlığını cavanlıqdan qorumaq lazımdır. Bu olduqca vacibdir. Hal hazırda tibbdə oynaq xəstəliklərini tam müalicə edən metodlar mövcud deyil. Əgər oynaqda dağılma prosesləri başlayıbsa, bu prosesləri yalnız bir qədər ləngitmək mümkündür (tam müalicə etmək yox!). Oynaq xəstəliklərinin gecikmiş mərhələlərində yeqanə müalicə üsulu - cərrahi əməliyyatdır. Dağılmış oynaq protezlə əvəz olunmalıdır. Belə əməliyyatlar çox travmatik, bahalı olur, uzunmüddətli bərpa dövrü tələb edir.

Oynaq xəstəliklərinin inkişafında irsiyyət böyük rol oynayır. Lakin hətta bu halda müəyyən qaydalara əməl etdikdə oynaqları qocalığa kimi sağlam saxlamaq mümükündür.

Oynaqların sağlamlığını necə qorumaq olar?

- Düzgün tamdəyərli qidalanma çox vacibdir. Natamam qidalanma, arıqlamaq məqsədi ilə tutulan balanslaşdırmamış pəhrizlər (xüsusilə monopəhrizlər - uzun müddət ərzində 1-2 məhsulla qidalanma) insanın sağlamlığına ciddi zərbə vurur. İnsanın gündəlik qidalanmasına onun orqanizminin normal fəaliyyəti üçün lazım olan bütün əsas maddələr daxil olmalıdır - zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlər.

A, C, E vitaminləri, kalsium, fosfor kimi minerallar oynaqların sağlamlığı üçün xüsusilə vacibdir.

- Hərəkətlilik də əsas şərtlərdən biridir. Oynaqlar onların sağlamlığı üçün vacib olan maddələri ətrafdakı toxumalardan alır. Ətrafdakı toxumalar isə qidalı maddələri qandan alır. Beləliklə, qidalı maddələri lazım olan miqdarlarda almaq üçün insanın qan dövranı yaxşı olmalıdır.

Hərəkətsizlik qan dövranının pozulmasına səbəb olur. Hərəkətlilik isə əksinə qan dövranını yaxşılaşdırır ki, nəticədə orqanizmin hər bir hüceyrəsi ona lazım olan qidanı və oksigeni ala bilir.

Ortopedlər oynaqları sağlam saxlamaq istəyən insanlara daim idman və bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edir. Oynaqlar üçün ən faydalı idman növü - üzgüçülükdür.

Sağlamlıq üçün qaçışla məşğul olan insanlar nəzərə almalıdır ki, asfaltın üzərində deyil, daha yumşaq səthlərin (torpaq, qum, ot) üzərində qaçmaq lazımdır. Asfaltın üzərində qaçdıqda insanın diz və bud-çanaq oynaqları həddən artıq yüklənir ki, bu da onlarda pozulmalara gətirib çıxara bilər. Əgər torpaq, qum və s. üzərində qaçmaq imkan yoxdur, tez tempdə yeriyin. Bu orqanizmdə qan dövranını yaxşılaşdırır və oynaqları artıq yükləmir.

Ağır fiziki yükləmələr (ağır əşyaların qaldırılması, bəzi idman növləri, eyni vəziyyətdə uzun müddət ərzində iş görmək və s.) oynaqlar üçün xeyirli deyil, əksinə ziyanlıdır.

- Artıq çəkidən azad olun. Artıq çəki oynaqlara olan yükləməni artırır ki, bunun nəticəsində oynaqlarda pozulmalar yaranır.

- Özünüzü travmalardan qoruyun. Gələcəkdə travmalar (sınıqlar, burxulmalar, bağların dartılması və yırtılması və s.) oynaqlarda pozulmaların inkişafına səbəb ola bilər.

- Hündürdaban və ya əksinə dabansız ayaqqabıların daim geyinilməsi oynaqlar üçün çox ziyanlıdır. Ortopedlərin tövsiyələrinə görə, dabanın hündürlüyü 2-4 sm olmalıdır.

Saglamolun.Az