Загрузка...

Uşaqları pnevmoniya xəstəliyindən qoruyun!

Pnevmoniya - ağciyərlərin kəskin infeksion-iltihabi xəstəliyidir. Bu xəstəlik ağırlaşaraq bir çox fəsadlarla, hətta uşağın ölümü ilə də nəticələnə bilər. Çox hallarda pnevmoniyanı xəstəxana şəraitində müalicə etmək lazım gəlir.

Pnevmoniya - bronxit, KRVİ kimi xəstəliklərin düzgün və ya ümumiyyətlə, müalicə olunmaması nəticəsində inkişaf edə bilir. Eyni zamanda anemiyalar, raxit, uşaqda immunitetin zəif olması, xroniki tonzillit, xroniki qidalanma pozğunluqları, soyuqdəymə və s. kimi hallar da pnevmoniyanın baş verməsinə “kömək” edə bilər.

Pnevmoniya zamanı hərarətin uzunmüddətli (3 gündən artıq) qalxması müşahidə olunur. Qalxmış hərarəti heç bir qızdırma əleyhinə preparatlarla salmaq mümkün olmur. Bununla yanaşı, xəstədə təngnəfəslik, ağız ətrafında sianoz (göyərmə), halsızlıq, süstlük, iştahanın kəskin surətdə azalması, nəfəsalma zamanı döş qəfəsində ağrılar, get-gedə artan öskürək də əmələ gəlir. İfraz olunan açıq rəngli bəlğəm sonradan selikli-irinli şəkil alır.

Bu simptomlar əmələ gələn kimi təcili olaraq həkimə müraciət etmək lazımdır. Tənəffüs çatışmazlığı əlamətləri başladığı halda isə gecikdirmədən təcili yardım çağırmaq tələb olunur.

Xəstəliyin gedişatı ağır olaraq qalmaqda davam edərsə, uşağı xəstəxanaya yerləşdirmək lazımdır. Vəziyyəti çox da ağır olmayan uşaqları isə evdə, həkim nəzarəti altında müalicə etmək olar. Xəstəliyin ilk günlərində uşaq yataq rejimində olmalıdır. Uşağın yataq otağı hər gün silinməli, havası tez-tez dəyişdirilməlidir. Uşağın yeməyi ilıq və yüngül olmalıdır. Onu zorla yedizdirməyin! İntoksikasiyanın qarşısını almaq üçün ona düzgün şəkildə maye verilməlidir. Ona çəkisindən asılı olaraq gündə 1-2 litrə qədər limonlu çay, mineral sular, meyvə kompotları, şirələr içizdirilməlidir. Pnevmoniyanın müalicəsi zamanı mütləq antibiotiklərdən istifadə edilir. Müalicə üçün təyinat isə yalnız həkim tərəfindən təyin edilməlidir.

Hərarəti normallaşdıqdan sonra iltihabi prosesin daha yaxşı sorulması üçün döş qəfəsinə xardal kağızları, tibbi bankalar, müalicəvi kompreslər qoymaq, döş qəfəsinin masajından da istifadə etmək olar. Tənəffüs gimnastikası da çox xeyirlidir. Bunun üçün istənilən növ köpdürülən oyuncaqlardan (top, şar və s.) istifadə etmək olar. Uşaq gündə 5-6 dəfəyə qədər onları köpdürməlidir.

Pnevmoniyadan sağalma faktını ancaq həkim təsdiqləyə bilər. Bu ağır xəstəlikdən sağalandan sonra uşağa vitamin-mineral kompleks olan həblər vermək, müalicəvi idman kursları keçirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, pnevmoniya keçirmiş uşaq 3-6 ay ərzində ciddi fiziki gərginliyə (idman yarışları və s.) məruz qalmamalıdır. Çünki zədələnmiş tənəffüs orqanların normal fəaliyyəti birdən-birə deyil, tədricən bərpa olunur.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Vafa 21.11.2013 14:35
Oğlumun 2 yaşı var. 8 ay bundan əvvəl pnevmoniya olub. onun bir daha bu xəstəliyə yoluxmaması üçün nə edə bilərəm? Qeyd edim ki, oğlum eyni zamanda həddindən artıq tərləyən uşaqdır. Tərləmənin səbəbini də deyə bilsəydiniz şad olardım.
#2 Administrator 22.11.2013 16:34
Hörmətli Vəfa xanım!
Uşağın immunitetini möhkəmləndirin. Bu haqda saytımızda məlumat var.
Tərləmənin səbəbi raxit, immunitetin zəifləməsi və s. ola bilər. Pediatra müraciət edin.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика