Ürəyin sağlamlığı və fiziki aktivlik

Ürək-qan damar sisteminin xəstəlikləri, həmçinin onkoloji xəstəliklər və şəkərli diabet həm XX əsrin, həm də yaşadığımız XXI əsrin ən çox yayılmış və qorxulu xəstəliklərdən hesab olunur.

Bu xəstəliklərin yayılmasından başqa, həkimləri narahat edən səbəblərdən biri də, onların xeyli dərəcədə “cavanlaşmasıdır”!

Belə ki, əvvəllər ürək xəstəlikləri “təqaüdçülərin” qisməti idisə, hal hazırda bu xəstəliklə insanlar artıq 30-40 yaşlarından xəstələnirlər. Məhz bu səbəbdən də, cavan yaşlarda olan insanlarda miokardın infarktı və beyin insultununa kifayət qədər tez rast gəlinir. Axı, ürək-qan damar sisteminin xəstəlikləri nə üçün bu qədər geniş şəkildə yayılmışdır? Onlar nə üçün bu dərəcədə “cavanlaşmışlar”? Və ürəyin “saat” kimi işləməsi üçün nə etmək lazımdır?

İnsan orqanizminin ürək-qan damar sistemi, cəmiyyətin bütün inkişaf tarixi ərzində əsaslı şəkildə heç bir dəyişikliyə uğramamışdır. Bizim hal-hazırki həyat tərzimiz isə nəinki çox uzaq olan əcdadlarımızdan, hətta çox da uzaq olmayan sələflərimizdən xeyli dərəcədə fərqlənir. O zamanlar bir yerdən digər yerə getmək, qida əldə etmək və digər fəaliyyət növləri insanlardan daimi olaraq xeyli dərəcədə əzələ fəaliyyəti tələb edirdi. İnsan orqanizminin qan dövranı sistemi də əvvəlcədən məhz belə intensiv-hərəkətli həyat fəaliyyəti üçün formalaşdırılmışdır. Hal-hazırda isə insan fəaliyyətinin praktik olaraq əksər hissəsi böyük əzələ fəaliyyəti tələb etmir – demək olar ki, hər şey mexanikləşdirilmişdir. Məhz buna ğörə, müasir insan xeyli passiv və fiziki cəhətdən isə daha zəif olmuşdur.

Hər kəs çox yaxşı bilir ki, məşq edilmədiyi halda əzələlər zəifləməyə başlayır. Ürək də əzələ toxumasından ibarətdir. Ona görə də digər əzələlər kimi, ürək əzələsinə də müəyyən dərəcədə fiziki gərginliklər lazımdır (əlbətdə ki, söhbət sağlam və ya nisbi sağlam ürəkdən gedir).

Bundan başqa damarların divarında olan əzələlərə də məşq etmək tələb olunur. Soyuq və kontrast prosedurların, həmçinin xalq arasında sevilən hamam və saunaların mənası da məhz bundan ibarətdir: insanın ətrafındakı mühitin əvvəlcə çox yüksək olan temperaturu, sonra kəskin şəkildə aşağı temperaturla əvəz olunur. Bu zaman damarlar əvvəlcə genişlənir, sonra isə daralırlar, yəni işləyirlər - hərəkət edirlər, məşq edirlər. Bu üsullurdan mümkün qədər erkən yaşlardan başlayaraq istifadə etmək lazımdır. Praktiki nəticələrlə sübüt olunmuşdur ki, isti vannadan sonra soyuq su altında yaxalanan uşaqlar özlərini daha yaxşı hiss edir və daha az hallarda xəstələnirlər. Təəssüflər olsun ki, bir çox valideyinlər uşaqlarını müxtəlif xəstəliklərdən “qorumaq” üçün, onlar üçün həm qışda, həm yayda, həm evdə, həm çöldə eyni “komfort” temperatur rejimi yaratmağa çalışırlar. Nəticədə uşağın bədəni bir balaca yel çəkən kimi o xəstələnir. İnfeksiyalar isə məlum olduğu kimi, ürəyə də keçə bilər. Məsələn, qrip və ya angina kimi xəstəliklər bir çox hallarda özündən sonra ürək əzələsinə də fəsad verərək miokarditə - miokardın (ürək əzələsinin) iltihabına səbəb ola bilir.

Beləliklə, kifayət qədər fiziki aktivliyin olmaması nəinki insanın əzələlərini, həmçinin ürək-qan damar sistemini də zəiflədir.

Ona görə də daha çox hərəkət etməyə çalışın. Ürək-qan damar sistemi üçün üzgüçülük və piyada gəzindi çox xeyirlidir. Hipertoniyaya meyillilik olduqda isə, idman klubunda aktiv məşğələlərdən və qaçışdan imtina etmək daha yaxşıdır. Bəzi yaşlı insanlar, onların fikrincə sağlam həyat tərzi aparmaq fikri ilə, hər gün qaçışla məşğul olurlar. Bunu qəti olaraq etmək olmaz! Bu yaşda qaçışla məşğul olmaqdansa, piyada gəzintilərdən istifadə etmək daha çox məsləhət görülür.

Ürək-qan damar sistemi xəstəliklərinin qarşısını almaq, bədənin müqavimətini möhkəmləndirmək üçün müxtəlif üsullarından istifadə etmək olar: kontrast su prosedurları; soyuq su ilə yuyunmaq; açıq havada gəzmək, səhhətiniz yol verirsə, hamam və saunaya getmək və s. Göründüyü kimi seçim çoxdur. Hər bir kəs bunlardan özünə xoş gələn üsulları seçə bilər. Damar divarlarının möhkəmlənməsinə səbəb olan bu üsullar, bir çox ciddi xəstəliklərin də qarşısını almağa kömək edir.

Saglamolun.Az