Veyp istifadəçilərinin sayı siqaret çəkənləri keçib


Böyük Britaniyada aparılan son statistik araşdırmaya görə, ölkədə ilk dəfə veyp və ya elektron siqaret istifadəçilərinin sayı siqaret çəkənləri geridə qoyub. Böyük Britaniyanın Milli Statistika İdarəsinin 2024-cü il üçün hesabatına əsasən, 16 yaşdan yuxarı 5,4 milyon nəfər mütəmadi veyp istifadə edib.
Araşdırma göstərib ki, gündəlik veyp istifadəsi ən çox 25–49 yaş arası müşahidə olunub, qadınlar arasında bu tendensiya getdikcə artıb. Siqaretin sağlamlığa zərərli təsirləri haqqında maarifləndirmə kampaniyaları nəticəsində son onillikdə tütün istifadəsi davamlı şəkildə azalıb.
Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, veyp siqaretlə müqayisədə daha az risk daşıyır, lakin onun uzunmüddətli təsirləri hələ tam öyrənilməyib.
Xatırladaq ki, Böyük Britaniyada hər il təxminən 70 min ölüm birbaşa siqaretlə əlaqələndirilir.
Hökumət yeni “Tütün və Veyp Qanunu” layihəsi ilə 1 yanvar 2009-cu ildən sonra doğulan şəxslərə tütün məhsulları satışını qadağan etməyi planlaşdırır.

Saglamolun.Az