Allahummə, Sən Allahsan

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahummə, Sən Allahsan, Sənədir qulluğumuz, Səndədir çarəmiz, Səninlədir varlığımız, Səni axtarar ruhumuz, Səni anar qəlbimiz. Başqaları yaradılmışdır Sən isə yaradansan, başqaları möhtacdır Sən ehtiyacsızsan və ehtiyacları görənsən. Başqaları cahildir, Sən Alimsən. Başqaları bir an sonra başlarına nə gələcəyini bilməz, Sən olanları və olacaqları, olmayanları və olsa idi necə olardı bütün bunların hamısını bilirsən. Başqaları yatar və unudar, Sən isə nə mürgüləyər nə də yatar, nə də unudarsan. Başqaları acizdir, Sən isə hər şeyə qadirsən, Səndən ümüd kəsilməz, Sən imkansız şeyləri mümkün edənsən, ölüdən diri, diridən ölü çıxardansan,

Sən bizə rəhm etdiyin üçün bizə Məhəmməd (Allahın ona salavat və salamı olsun) göndərənsən, günah etdiyimiz andan dərhal bizi cəzalandırmağa tələsməzsən, tövbə etməyimiz üçün bizə möhlət verərsən, Sən ki bizlərə valdeyinlərimizdən də daha çox qayğı və sevgi göstərənsən, Sən, səni dərk edən üçün hər şeyi əvəz edərsən, amma hər şey səni əvəz edə bilməz, Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur, Sən Allahsan, Sən Rəhman və Rəhimsən, Sən zul-Cələli val İkramsan, Sən Həyyul Qayyumsan, Sən ki heç bir tayı və bərabəri olmayan, doğmayan və doğulmayan Allahsan, Sənki bütün nöqsansız sifətlərin və gözəl adların sahibisən, o adlar ki Sən o adlarla özünü adlandırdın, o adlar ki Sən onları yaratdıqlarından kiməsə öyrətdin, o adlar ki Sən onları öz aləmində bildiyin hikmətə görə gizli tutdun, bütün ad və sifətlərinlə səndən istəyirik ki: Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru! Günahlarımızı və qüsurlarımızı bağışla, bizləri cəmi səhv və qüsurlardan salamat et, dualarımızı qəbul et, aqibətimizi xeyirli elə, son nəfəsimizdə tövhid kəlməsini deməmizi bizə nəsib et, ölülərimizi bağışla, bizi şeytanın və düşmənlərimizin şərindən, nəfsi-i əmmarənin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, xeyirli və bərəkətli ruzilər lütf et, müsəlmanlara salamatçılıq lütf et, din düşmənlərini qəhr və pərişan et. Kafirlərlə cihad etməkdə olan müsəlmanlara yardım et!

Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlərimizə dərman ver, riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən, qəzadan, bəladan, tənbəllikdən, acizlikdən, zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan, şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, bidət və zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!
Həqiqi iman, gözəl bir əxlaq, şükr edən bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbir əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi və son nəfəsdə əhli sünnə etiqadına uyğun bir iman və tövbə etməyi nəsib et.

Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib et. Elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi (ancaq ixlaslı qulların istisnadır) o qullardan olmağı nəsib et, bizləri comərd və səxavətli qullarından et.

Ana, atamıza, övladlarımıza, qohum və əqrabamıza, bütün din qardaşlarımıza xeyirli ömür, gözəl və sağlam yaşam, hidayət və bu yolda davamiyyət nəsib et .

Ya Rəbbi! Bütün səhv və qüsurlardan bizləri salamat et, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (Allahın ona salaat və salamı olsun) şəfaətinə nail et.

Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları pərişan et.

Ya Rəbbi! Ümməti-Muhammədin xəstə qullarına şəfalar, dərdli qullarına dəvaların, borclu qullarına xeyirli ədaları ehsan et.

Ya Rəbbi! O biri aləmdə «fəriqun fil cənnəti va fəriqun fis səir» Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri Cənnət firqəsinə daxil et.

Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə rahat yaşayıb yaşatmağı bizlərə asanlaşdır. Namazı niyazı buraxan, narkomanlıq, içki və qumar vasitəsi ilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarına da hidayət nəsib et, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət edən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et.

Ya Rəbbi! Bizləri dininə, inanclarına, vətəninə, millətinə, könüldən bağlı olanlardan et.

Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümidlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün bizə güc və qüvvət nəsib et, bizləri bu ibadət və itaətlər üzərində sabit et.

Ya Rəbbi! Hər cür təhlükələrdən, yanğından, daşqından, fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən, haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.

Ya Rəbbi! Adları unudulmuş, torpaq altında çürümüş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları da qoru.

Ya Ərhamər Rahimin! Xəstələrimizə şəfa, müsübətə düçar olanlarımıza səbr və təskinlik, zəiflərimizə güc, kasıblarımıza bol ruzi, cahillərimizə hidayət, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara əda, dərdlilər dərman və islamı yaşayıb yaşatmaq üçün iradə və səbr nəsib elə. Görünən-görünməz bəlalardan, gücçatmaz, taqətyetişməz, ağıla, xəyala gəlməz müsibətlərdən cümləmizi mühafizə et.
Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır. Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi, Cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.

Ya Rabbi! Bizləri Quranın hidayəti ilə hidayət et. Quranın lütfü ilə dərəcələrimizi yüksəlt. Ey böyük lütf və ehsan sahibi! Quranın tilavətiylə günahlarımızı bağışla, oxuyarkən buraxdığımız səhvləri bağışla tam və mükəmməl oxumuş kimi qəbul et. Bizi Quranın zinəti ilə zinətləndir. Quranın şərəfi ilə şərəfləndir.

Ya Rəbbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. Hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan et. Birləşdirdiklərini ayır, ayırdıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma dağın et. Onları bir-birinə müsallat et, layiq olduqları cəzanı onlara ver. Ya Rabbi onlar səni aciz qoya bilməzlər, öz güc və qüvvətini onlara göstər.

Ya Rəbbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Quruda, suda, səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən və bütün cin və insanlardan olan şərlilərin şərindən bizləri qoru.

Ey duaları qəbul edən mərhəmətlilərin ən mərhəmətlisi Rəbbimiz! Dualarımızı qəbul et.

Ya Rəbbi! Hal-hazırda qapına gəldik, boynumuzu bükülü halda sənə yalvarırıq, əllərimizi sənə açmışıq, hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma.

Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq, son nəfəsimizdə bizlərə kəlmeyi-şəhadəti tələffüz etməyi «Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu» kəlimələrini deməyi bizə nəsib elə.
Ya Rəbbi! Amin deyən, könüldən bu duada iştirak edən qardaşlarımızı iki dünyada əziz et, iki dünya səadəti nasib et.

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.

Allahummə sən Kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri baışla. Günahları bağışlayan ancaq sənsən. Allahummə bütün adlarınla səndən bu dualarımızın qədul olmasını diləyirik, O adlar ki sən özünü onlarla adlandırdın və vəsf etdin, o adlarki sən onları yaratdıqlarından kimlərəsə öyrətdin, və o adlar ki, sən onları öz aləmində gizli tutdun bütün adlarınla səndən bu dualarımızın qədul olmasını diləyirik, Və ən son duamız isə sənə Alləmlərin Rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.

Hazırladı: Beynəlxalq Mədinə İslam Unuversitetinin məzunu, Elman Qasımov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Feqih.com

Saglamolun.Az