Qazlı içkilər hamiləlikdə düşük yarada bilər - Əhaliyə xəbərdarlıq

Son dövrlər qazlı, şəkərli içkilərə tələbat artıb. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində fəsadlar yarada bilər.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentlik vətəndaşlara qazlı içki istehlakının minimuma endirilməsini tövsiyə edir.

Bildirilir ki, qazlı içkilərin tərkibində istifadə edilən "aspartam" təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən "aspartam" hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur.

Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu "təbii dadlandırıcı"nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

Adətən, qazlı içkilərin üzərində olan "Soyuq halda için" yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan "aspartam" əlavəsinin asanlıqla metanola çevrilməsidir.

Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur.

Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tətqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir.

Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir.

Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36 faizi və gənclərin isə 17 faizi şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbilə həddindən artıq piylənmədən əziyyət çəkirlər.

Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir.

Framingham tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb.

Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir.

Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar