Azərbaycanlı həkimin uğur hekayəsi Londonda nəşr edilən kitabda yer aldı

İngiltərənin paytaxtında uğurlu qadınlara həsr edilən kitabda azərbaycanlı həmvətəimiz Dr. İlhamə Cəfərlinin də karyera hekayəsi yer alıb.

130 səhifəslik kitabda İngiltərədə fəaliyyət göstərən, öz peşələrində ən yaxşı mövqeləri fəth edən 17 qadının həyat hekayəsi dərc edilib.
Kitabın müəllifi Naim Həsən 2023- cü “Gentlemen of Heart Awards” (GOHA) mükafatına layiq görülən, 100-dən çox qadınlara həsr edilmiş əsərin müəllifidir.
Kitab peşə fəaliyyətində ən yaxşılardan olmağı qarşısına məqsəd qoyan qadınlara motivasiya vermək üçün hazırlanıb.
“Kindle” nəşriyyatında dərc edilən kitabda ən uğurlu qadınlar sırasında yer alan həmyerlimiz İngiltərədə tanınmış uşaq cərrahı İlhamə Cəfərlidir. Həkim hazırda Londonda “Guys və St. Thomas Evelina” Uşaq Xəstəxanasında çalışır.
İlhamə Cəfərli Azərbaycan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib. 2010-ci ildə Böyük Britaniya Cərrahlarının Kraliyyət Kollecini bitirib (Ümumi Cərrah Dərəcəsi ilə təltif olunub). O, beynəlxalq tibb mərkəzləri ilə əməkdaşlıq edir. 2012-ci ildən Amerika Cərrahları Kollecinin üzvüdür. Beynəlxalq uşaq cərrahı sertifikatı var. İlhamə Cəfərli həmçinin 2017-ci ildən Uşaq Cərrahlarının Avropa Şurasının əməkdaşı və üzvüdür.
İlhamə Cəfərli 25-dən çox elmi məqalənin müəllifidir. Həmçinin, 12 akademik təltifə layiq görülüb.
İlhamə Cəfərlinin babası Cabbar Cəfərov Azərbaycanın ən tanınmış cərrahlarından olub. İlhamə xanımın anası ölkənin tanınmış elm adamlarındadır. O, Biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayevanın qızıdır.

Saglamolun.Az