“Gözəllik ondur, doqquzu dondur” deyirlər. Amma gözəl don gözəl bədəndə daha da gözəlləşir. Zamanla aldığımız artıq çəki və itirilən bədən elastikliyi müəyyən mənfi dəyişikliklərə səbəb olur. Bu zaman üz tuturuq plastik cərraha…
Sağlamolun.az “Baku City Hospital”ın plastik cərrahı Elnarə Salmanovayla liposaksiya, mamoplastika və endoskopik qaşqaldırma əməliyyatlarından danışıb.
- Liposaksiya nədir və necə icra edilir?
- Xanımlarımız elə düşünürlər ki, liposaksiya çəki atma, arıqlama əməliyatıdır. Amma liposaksiya arıqlama əməliyatı deyil. Liposaksiya bədən formalaşdırma əməliyatıdır ki, bəzi nahiyələrdə qarın, ayaq, qol və sair bədən üzvlərimizdə bölgəsəl piylənmənin qarşısın alsın. Pasiyentlər müraciət edəndə deyirlər ki, heç bir pəhriz, idman mənə kömək etmir. Belə hallarda biz xüsusi cihazlar vasitəsi ilə həmin bölgəsəl piylərə forma veririk. Burada dəri keyfiyyətini əsas götürməliyik. Hər gələn xanıma liposaksiya icra etmək olmaz. Birinci növbədə burada bədən kütləsi indeksi əsas götürülməlidir. Bədən kütləsi indeksi 30-dan yuxarı olan pasiyentlərə liposaksiya əks göstərişdir. Həmin xanımlar əvvəlcə çəki atmalıdır ki, biz əməliyatı icra edə bilək. Piy toxuması olan bütün bölgələrə liposaksiya etmək olar. İlk növbədə düzgün pasiyent seçmək və onu düzgün maarifləndirmək lazımdır. Hər bir cərrahi əməliyatın riski var. Liposaksiya estetik əməliyatlar arasında ən çox fəsadlaşma riski, ölüm riski olan əməliyatlardan biridir. Bütün əməliyatlarda olduğu kimi bu əməliyatdan da sonra qanaxma halları ola bilir. Bunların hər birini nəzərə almaq lazımdır. İndiki dövrdə Azərbaycanda plastik cərrahiyə sahəsində böyük sıxıntı var. Qeyri-ixtisas sahibləri də bu sahə ilə məşğul olmağa çalışırlar. İlk növbədə kosmetoloqlar. Onlar sadəcə dəri təbəqəsində proseslər icra edə bilərlər. Təəssüflər olsun ki, tibbi təhsili olmayan, hardansa kosmetoloq sənədi almış kosmetoloqlar belə liposaksiya əməliyatı icra edirlər. Pasiyentlərə məsləhətim odur ki, getdikləri həkimin ixtisası ilə maraqlansınlar və sosial şəbəkələrdə olan reklamlara aldanmasınlar.
- Mamoplastika nədir?
- Mamoplastika süd vəzilərində icra edilən plastik əməliyyatlardır. Bunlar bir neçə qrupa bölünür. Var süd vəzinin həcmləndirilməsi ki, bu zaman implantlardan və ya pasiyentin öz piy toxumasından istifadə edirik. Süd vəzinin kiçildilməsi, dikləşdirilməsi, o cümlədən də yenilənməsini həyata keçiririk. Mamoplastika əməliyatları zamanı bizə müraciət edən əsas kontingent hamiləlik keçirmiş qadınlardır ki, südvermə dönəmində süd vəziləri formasını itirib. Daha estetik görünüş əldə etmək üçün bizə müraciət edirlər. Bu əməliyat zamanı əsas yerdə duran implant seçimidir. İmplant daimi deyil. Tibbi göstəriş olmasa belə, pasiyentin istəyinə uyğun 10-15 ildən sonra implantı yenisi ilə əvəz edə bilər. İmplantın süd verməyə heç bir təsiri yoxdur. Bu əməlyat zamanı süd vəzi axarlarına heç bir müdaxiləmiz olmur. Eyni zamanda implant gələcəkdə süd vəzi xərçəngi yaratmır. Sadəcə implant qoyulduqdan sonra müdafiə mexanizmi olaraq yad cismə qarşı bir kapsul yaranır. Bu da çox nadir görülən bir haldır ki, gələcəkdə şiş toxumasının yaranmasına səbəb olur. Bu əməliyyat adətən 2 etaplıdır. Çox zaman xüsusi toxuma genişləndiricilərdən istifadə edirik. Həcmi böyüdürük, daha sonra ikinci etap kimi implantı yerləşdiririk.
- Qaşqaldırma əməliyatı necə icra edilir?
- Qaşqaldırma əməliyatı bir neçə texniklə icra olunur. Müəyyən bir yaşdan sonra, adətən 40 yaşdan sonra bizə müraciət edirlər. İndiki dövrdə plastik cərrahiyənin yaşı çox gəncləşib. Olur ki, 30 yaşında xanım gəlir ki, mən istəyirəm qaşlarım qalxsın, daha yüksəkdə dursun. Qaşın üst hissəsindən bir kəsik aparmaqla edilən qaşqalırma qısa müddətlidir. Çünki müəyyən bir vaxtdan sonra dəri özünü barxa bilər. Bu zaman qaş yenə eyni səviyyəyə gəlib çıxır. Ən etibarlı üsul endoskopik qaşqaldırmadır. Bu zaman saçın tüklü hissəsindən kiçik santımetr bir kəsikdən endoskop vasitəsi ilə girərək edilir. Bu zaman bütün anotomik strukturlar göz qabağında olur və heç bir sinir zədələnmir. Əməliyat düzgün icra olunubsa, ən az 10 il bu vəziyətdə qalır. Amma yerin cazibə qüvvəsini də nəzərə almaq lazımdır. Zamanla yaş artır və dəyişikliklər hiss olunur. Pasiyent müraciət edəndə cərrah ilk öncə üzün proporsiyalarını nəzərə almalıdır. Qaş və göz məsafəsinə, alının həcimli olub-olmamasına diqqət edilməlidir. Əgər əməliyatı qeyri-peşəkar bir həkim icra edirsə, orada fəsadların görülmə riski çox böyükdür. Əməliyatı peşəkar olmayan birinin icara etməsi sinirlərin zədələnməsinə, üzün iflic olmasına qədər gətirib çıxara bilər.
Saglamolun.Az