100 yaşlı həkimdən çox yaşamağın sirləri: Ən önəmli 5 qayda

Dünyanın ən yaşlı həkimi Dr. Hovard Taker uzunömürlülük, sağlamlıq və ruhi rifah üçün məsləhətlərini bölüşüb.

"100 yaşlı həkim və nevroloq kimi xəstələr məndən tez-tez sağlam və xoşbəxt qalmaq üçün məsləhətlər istəyirlər" deyən amerikalı mütəxəssis bildirib ki, o doğulanda ABŞ-da orta ömür uzunluğu kişilər üçün 58, qadınlar üçün 61 olub.

1922-ci ildə anadan olan nevroloq genetikanın uzunömürlülükdə mühüm rol oynadığını vurğulayıb.

Bununla belə, o, əlavə edib ki, ikinci önəmli məqam həyat tərzi ilə bağlıdır.

Mütəxəssis həyatının ən önəmli 5 qaydasını açıqlayıb.

“Günlərimi təqaüdə sərf etmirəm”

Dr. Taker əvvəlcə 75 ildən çox işlədiyini bildirir:

“Əslində mən Ginnesin Rekordlar Kitabına düşdüm və vəzifədə olan ən yaşlı həkim seçildim. 89 yaşlı həyat yoldaşım Sara da 65 ildir psixoanaliz və psixiatriya ilə məşğuldur.

Pandemiya prosesində həftənin 5-6 günü xəstələri qəbul etdiyini deyən mütəxəssis həftənin üç günü feldşerlərə mühazirə oxumağa davam etdiyini bildirir.

O bildirib ki, işləmədiyi vaxtlarda 4 övladı və 10 nəvəsi ilə qarda sürüşməyi və Klivlend idmançılarını izləməyi sevir.

“Sevdiyiniz bir işiniz varsa və hələ də işləyə bilirsinizsə, pensiyanı təxirə salmağı düşünün. Təqaüdə çıxan və gündəlik işlərini aktiv saxlamayan bir çox insanlar koqnitiv geriləmə riski ilə üzləşirlər”.

“Mən formadan düşmürəm”

Takerin sözlərinə görə, 80-ci illərin sonuna qədər üzgüçülük, qaçış, gəzinti və xizək sürmək onu güclü və sağlam saxlayan əsas vərdişlərdən olub.

Həkim deyir: “Artıq xizək sürməsəm də və əvvəlki kimi aktiv olmasam da, həftənin əksər günləri qaçış zolağımda oluram”.

Tədqiqatlar göstərir ki, açıq havada 15 dəqiqəlik gəzinti qədər sadə idman hərəkətləri, vaxtından əvvəl ölüm riskinizi təxminən 25 faiz azalda bilər.

"Mən siqaret çəkmirəm"

Taker 1930-cu illərdə orta məktəbdə oxuyarkən atasına siqaret çəkməyə başlamaq istədiyini söylədiyini və bu cavabı aldığını bildirir:

“Mənim üçün problem yoxdur. Amma ciyərlərinə təmiz havadan başqa, zəhərli tüstü çəkmək istəyən hər kəəs ağılsızdır”.

Bu cavabın onu siqaretdən çəkindirdiyini deyən həkim əlavə edir:

“Bu gün biz bilirik ki, siqaret xərçəng, insult, periferik arteriya və koronar arteriya xəstəlikləri, digər ağciyər və ürək-damar xəstəliklərinə səbəb olur.

“Ölçülü davranıram, amma özümü də sərhədləmirəm”

Takerin fikrincə, ölçülü olmaq həddən artıq yüklənmənin və uzunmüddətli sağlamlığı riskə atmanın qarşısını alır.

Sevdiyi yeməkləri hər gün olmasa da, arada bir  yediyini bildirən mütəxəssis qidalanmasına fikir verdiyini də qeyd edib. Hər yeməkdə salat, brokoli və brüssel kələmi istehlak etdiyini xüsusi bildirib.

Uzunömürlülüyün əsl sirri heç bir sirrin olmamasıdır. Ona görə də biz vaxtımızdan maksimum istifadə etməliyik.

“Biliyimin boşa getməsinə imkan vermirəm”

70 ildən artıqdır ki, Taker təbabətin lobotomiya kimi qədim təcrübələrdən ən müasir kompüterləşdirilmiş görüntüləmə üsullarına qədər təkamülünün şahidi olub.

“Tibbi köməkçilərimə, tələbələrimə dərs verməkdən böyük zövq alıram və onlardan çox şey öyrənirəm”,- deyən mütəxəssis bildiklərini çatdırmağın və istifadə etməyin vacibliyinə də diqqət çəkir.

 

Sevinc Hüseynova

Saglamolun.Az