Plastik qablar və torbaların zərərlərindən necə qorunmalı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə əməkdaşlığı çərçivəsində “AQTA maarifləndirir” rubrikası davam edir.

Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Plastik qablar və torba” haqqında olacaq.

Plastik qablar və torbaların zərərləri

Qidaların saxlanması və qablaşdırılmasında istifadə olunan plastik qabların geniş yayılmasına əsas səbəb onun istifadəsinin asan və qiymətinin aşağı olması ilə əlaqədardır.

Plastiklərin xammalı əsasən neft, qaz və kömürdür. İstehsal prosesində bir sıra qatqı maddələrindən istifadə olunur. Bu maddələr məhsulu elastik və dayanıqlı edir. Lakin insan sağlamlığlı üçün bəzi təhlükələr də yaradır. Çünki plastiklər qida ilə təmasda olduqda qidaya keçir. Bu keçid qida temperaturundan asılı olaraq dəyişir. Temperatur artdıqca toksiki maddələrin qidaya təsiri daha da sürətlənir. Buna görə də, xüsusilə, isti və yağlı qidaları plastiklərdə saxlamaq tövsiyə olunmur. 70-90℃-də olan isti içkilər plastik qablara qoyulduqda isə istinin təsiri ilə plastikin tərkibində maddələr monomerlərə ayrılır. Bu isə sağlamlıq üçün təhlükə yaradır.

Araşdırmalar nəticəsində plastikin hazırlanmasında istifadə olunan BPA kimyəvi maddəsinin polikarbonat içki şüşələrindən insanın bədəninə keçdiyi sübut olunub. Uşaqlar üçün istehsal olunan plastik su qablarından istifadə edərkən də diqqətli olmaq lazımdır. Xüsusilə, BPA kimyəvi maddəsi ilə hazırlanmış qabdan istifadə edildikdə yeni doğulmuş və böyümə çağında olan uşaqlarda davranış pozuntularıının yaranma riski artır.

Plastik qablar kimi rəngli torbalardan istifadənin də bəzi zərərləri var. Xüsusilə, tullantılardan hazırlanan qara torbalarda olan  mikroorqanizmlər insan sağlamlığı üçün təhlükə yaradır.   Meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması tövsiyə olunmur. Həmçinin, bu torbalar ətraf mühit və ekosistem üçün də böyük təhlükə mənbəyi olmaqla kimyəvi maddələr yayır, torpağa və suya qarışaraq qida zəncirinin müxtəlif mərhələlərini risk altında saxlayır.

Plastiklərin zərərlərini aradan qaldırmaq üçün qidanı şüşə və saxsı qablarda saxlamaq, soyuducudakı yeməklərin üzərini sellofan  deyil  qapaqla bağlamaq tövsiyə olunur. Alış-veriş edərkən xüsusilə meyvə və tərəvəzi plastik torbalarda daşımaq və bu torbaları soyuducuya qoymaq, sobada bişirilən yeməklərin üzərinə folqa ilə örtmək məsləhət görülmür. Su alarkən şüşə qabda olmasına diqqət etmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində bu materialdan hazırlanan əşyalarla təmasdan yayına bilmirik. Bunu nəzərə alaraq əlləri xüsusilə, yəməkdən əvvəl mütləq yumaq tövsiyə edilir. Qidanı qablaşdırmaq və daşımaq üçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика