Yay uşaqların ən sevimli fəslidir. Yayda doyunca qaçmaq, hoppanmaq, torpaqla oynamaq, ayaqyalın gəzmək üçün gözəl imkanlar var.
Lakin məhz yay aylarında uşaqlar daha tez-tez müxtəlif travmalar alır - sıyrıntılar, kəsiklər, yaralar.
Dəri orqanizmin qoruyucu təbəqəsidir. Dərinin tamlığı pozulduqda orqanizmə müxtəlif təhlükəli mikroblar daxil olur ki, bu bəzən çox ağır iltihab və xəstəliklərə səbəb ola bilər.
Ölçüsündən və ağırlığından asılı olmayaraq yara mütləq dezinfeksiya olunmalıdır. Bunun üçün yara və ya sıyrıntı axar suyun altında sabunla yaxşı yuyulur, daha sonra üzərinə hidrogen peroksidi ("perekis") tökülür.
Saglamolun.az bildirir ki, kiçik kəsik və sıyrıntılardan fərqli olaraq yaraların üzərinə yod və zelyonka sürtmək olmaz. Bu kimyəvi yanığa səbəb olacaq və yaranın sağalması uzanacaq. Zelyonka və ya yod yalnız yaranın qıraqlarına sürtülür ki, orada olan mikroblar yaraya düşməsin. Daha sonta yaraya steril sarıq qoyulur.
Yara dərindirsə (xüsusilə şüşə ilə kəsilmiş, mismarla və s. iti əşya ilə deşilmiş yara), yaraya torpaq, qum, peyin, çirkli su düşübsə, dezinfeksiyadan dərhal sonra uşaq travmatoloqiya məntəqəsinə çatdırılmalıdır və həkim-travmatoloqun müayinəsindən keçməlidir. Məsələ burasındadır ki, belə yaralar çox ağır xəstəlik olan tetanusun inkişafına səbəb ola bilər.
Tetanus çox ağır infeksion xəstəlikdir. Bu xəstəliyi törədən bakteriya qumda, torpaqda, heyvanların ifrazatlarında, çirkli suda on illərlə yaşaya bilir. Bu səbəbdən tetanusa yoluxma təhlükəsi hər zaman yüksək olur.
Xəstəlik əksər hallarda hətta lazım olan müalicəyə baxmayaraq insanın ölümü ilə nəticələnir. Xəstəlik özünü ağır qıcolmalarla büruzə verir.
Bu ağır infeksiyanın profilaktikası məqsədi ilə uşaqlara peyvəndlər vurulur. Axırıncı vaksinasiyanın tarixindən başlayaraq 10 il ərzində uşaq tetanus infeksiyasından qorunmuş olur. Lakin hətta uşağınız lazım olan peyvəndləri alıbsa, yuxarıda sadalanan hallarda onu mütləq travmatoloqa göstərin.
Əgər travma almış uşaq peyvənd almayıbsa, ana mütləq bu haqda travmatoloqa məlumat verməlidir. Bu halda uşağa dərhal xüsusi tetanus əleyhinə zərdab və ya anatoksin (həkim seçim edir) vurulmalıdır.
Saglamolun.Az