BEYNİN İNKİŞAF DÖVRLƏRİ ÜZƏ ÇIXDI
Kembric Universitetinin alimləri beynin 5 ayrı mərhələdən keçdiyini müəyyən edib. 4000-ə yaxın 90 yaş;na qədər insanın “skan”lar üzərində aparılan araşdırması göstərib ki, əsas dönüş nöqtələri 9, 32, 66 və 83 yaşlarda baş verib. Mütəxəssislərin sözlərinə görə, bu tapıntılar psixi sağlamlıq pozuntuları və demensiyanın niyə müəyyən dövrlərdə daha çox yayıldığını anlamağa kömək edir.
Tədqiqat beynin 5 inkişaf fazasını belə izah edir:
Uşaqlıq – doğumdan 9 yaşa qədər beynin sürətli böyüməsi və artıq sinapsların azalması baş verir.
Yeniyetməlik – 9 yaşdan 32 yaşa qədər davam edən dövrdə neyron əlaqələri daha effektiv hala gəlir. Bu, beyin fəaliyyətində ən kəskin dəyişikliklərin yaşandığı mərhələdir və psixi sağlamlıq riskləri ən yüksəkdir.
Yetkinlik – 32–66 yaş arası nisbətən sabitlik dövrüdür, yəni beyin bu yaş aralığında kəskin və sürətli dəyişikliklər keçirmir, daha stabil şəkildə fəaliyyət göstərir.
Erkən qocalma – 66 yaşdan etibarən beyin əlaqələri daha lokal hala gəlir və funksional bölgələr arasında ayrılma artır. Gec qocalma – 83 yaşdan sonra bu dəyişikliklər daha da güclənir.
Araşdırmanın müəllifləri qeyd edir ki, bu yaş hədləri fərdlər arasında dəyişə bilər, lakin ümumi tendensiya bütün nümunələrdə aydın görünür.
Saglamolun.Az



















