DÜNYADA İLK
Kaliforniyalı 3 yaşlı Oliver Çu nadir irsi xəstəlik Hanter sindromu (MPS II) diaqnozu ilə yaşayan ilk uşaqdır. Ona Mançesterdə gen terapiyası tətbiq edilib. Bu xəstəlik bədəndə və beyində sürətlə proqressiv zədələnmələrə səbəb olur və ağır halda olan xəstələr çox vaxt 20 yaşa çatmadan dünyasını dəyişir.
Oliverin orqanizmi xəstəlik səbəbindən həyati vacib IDS fermentini istehsal etməyib. Britaniya alimləri ilk dəfə olaraq onun kök hüceyrələrini laboratoriyada genetik olaraq dəyişdirib bədənə geri qaytarmaqla xəstəliyin inkişafını dayandırmağa çalışıb. Tədqiqatın rəhbərlərindən biri professor Saymon Cons bildirib ki, belə nəticəni 20 il gözləyib.
Oliver bu müalicəni alan dünyadakı 5 uşaqdan ilkidir. Bir il əvvəl başlanan prosedurdan sonra onda nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Ailəsi BBC-yə bildirib ki, Oliverin nitqi, hərəkət bacarıqları və ümumi inkişafı xeyli yaxşılaşıb. Ən mühüm dəyişikliklərdən biri isə onun artıq həftəlik ferment inyeksiyalarına ehtiyac duymamasıdır, çünki lazımi fermenti orqanizmi özü istehsal edir.
Mançester komandası bildirir ki, müalicə hələ izlənmə mərhələsindədir, lakin ilkin nəticələr son dərəcə ümidvericidir. Cəmi bir prosedurla xəstəliyin gedişinin dayandırılması nadir genetik xəstəliklər üçün mühüm dönüş nöqtəsi sayıla bilər.
Mənbə: BBC News
Saglamolun.Az



















