Hansı banan daha faydalıdır?

MÜTƏXƏSSİSLƏR FƏRQİ AÇIQLADI

Bananın rəngi və dadı dəyişdikcə onun tərkibi də dəyişir. Mütəxəssislər - dietoloq Eyveri Zenker və qidalanma üzrə müəllim Amanda Sauseda bananın yetişmə dərəcəsinə görə hansı şəraitdə daha faydalı olduğunu izah edib.

Yaşıl və sərt bananlarda şəkər minimum, nişasta isə maksimumdur. Mütəxəssislər bildirib ki, bu nişasta bağırsaqdakı faydalı bakteriyaları qidalandıran prebiotik kimi işləyir, qan şəkərini stabil saxlayır və toxluq hissini uzadır. Bu bananlar diabet riski olanlar və həzm sistemini yaxşılaşdırmaq istəyənlər üçün idealdır. Lakin idmançılar məşq öncəsi ağırlıq hiss etməmək üçün ehtiyatlı olmalıdır.

Tamamilə sarı, yumşaq bananlar şirin və asan soyulandır. Bu mərhələdə nişasta tamamilə təbii şəkərlərə çevrilir. Lifin miqdarı azalır, lakin antioksidantlar və vitaminlərlə zəngin olur. Bu bananlar məşqdən əvvəl enerji mənbəyi kimi, həmçinin ürək və damar sağlamlığını dəstəkləmək üçün əla seçimdir.

Qabığı qəhvəyi ləkələrlə örtülmüş bananlarda şəkər miqdarı ən yüksəkdir. Şəkər səviyyəsinə nəzarət edənlər üçün yüksək şəkər tərkibinə görə ehtiyatlı olmaq lazımdır. Ən çox şəkər və antioksidantlar qəhvəyi/qara rəngli bananlarda olur. Bu bananlar adətən şirniyyat və smuzilər üçün idealdır.

Mütəxəssislər vurğulayıb ki, “xeyirli” və ya “ziyan” banan yoxdur. Hansı bananın faydalı olması sizin sağlamlıq məqsədlərinizə və ehtiyac olan qida maddələrinə bağlıdır.

Saglamolun.Az