Bağırsaqların təmizlənməsi. 5 üsul

Qəbul edilən qida əvvəl mədəyə, sonra nazik, daha sonra isə yoğun bağırsağa düşür.

İnsanın yoğun bağırsağında həzm olunmamış qida qalıqları, toksinlər, şlaklar və s. yığılır və sonra çölə çıxır. Normada bu belə olmalıdır. Lakin müasir insanlar azhərəkətli həyat sürür, düzgün qidalanmır və bunun nəticəsində bağırsaqların fəaliyyətində pozulmalar yaranır. Bağırsaqlar pis işləməyə başlayır, normal boşalmır və nəticədə burada çoxlu miqdarda şlaklar, toksinlər və digər ziyanlı maddələr toplanır. Vaxt keçdikcə bu maddələrin yığını bərkiyərək nəcis daşlarına çevrilir. İnsanın bağırsaqlarında 10 kq kimi nəcis daşları yığıla bilər.

Bağırsaqlarda toplanan ziyanlı maddələr bütün orqanizmi daim intoksikasiya edir (zəhərləyir). İntoksikasiya özünün bu kimi simptomlarla büruzə verir:

- qarında köp, qurultu, ağırlıq və ağrılar,

- üz dərisinin vəziyyətinin pişləşməsi (səpgilər, sizanaqlar, civzələr, ləkələr),

- "səbəbsiz" baş ağrıları,

- dilin üzərində ərp,

- tez-tez təkrarlanan qəbizlik,

- yorğunluq və halsızlıq,

- immunitetin zəiflənməsi (insan soyuqdəymə xəstəliklərinə tez-tez tutulur, dodaqların üzərində və ağızın selikli qişasında "herpes" (səpgilər) əmələ gəlir və s.).

Əgər siz özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etmisinizsə, çox güman ki, sizin bağırsaqlarınız ciddi "çirklənib" və təmizlənməlidir.

Bağırsaqların təmizlənməsi müxtəlif üsullara həyata keçirilə bilər. Bir çox klinikalarda hidrokolonoterapiya kimi prosedur təklif olunur. Bu prosedur zamanı bağırsaqlara xüsusi apparatın köməyi ilə su daxil edilir, bağırsaqlar əsaslı şəkildə yuyulur və orada olan nəcis daşları, toksinlər, şlaklar və s. çölə çıxır. Adətən bir neçə belə prosedur lazım olur. Təbii ki, bu prosedurdan əvvəl pasiyent mütləq həkimin müayinəsindən keçməlidir. Hidrokolonoterapiyanın müəyyən əks-göstərişləri var.

Ev şəraitində bağırsaqları bir neçə üsulla təmizləmək olar.

1. Buğda kəpəyi

Buğda kəpəyi çox təsirli təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış olan ziyanlı maddələri çölə çıxardır. 1 ay ərzində gündə 3 dəfə acqarına 2 xörək qaşığı buğda kəpəyi qəbul edin və 1 stəkan su için.

2. Tərəvəzlər

Həftədə 1 dəfə olmaqla yalnız müxtəlif tərəvəz salatları ilə qidalanın. Belə salatlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, stimullaşdırır, qəbizliklə mübarizə aparır.

Salatlar üçün kələm (ağ kələm, gül kələmi, brussel kələmi), ağ turp, kök, çuğundur (hamısı çiy vəziyyətdə), müxtəlif göyərtilər, az miqdarda soğan, sarımsaq istifadə oluna bilər. Salatlara bitki yağı (zeytun, qarğıdalı, günəbaxan) əlavə etmək lazımdır. Belə salatları gün ərzində 4-5 dəfə yemək lazımdır (çörəksiz). Gün ərzində həmçinin 2 l təmiz su içmək lazımdır.

3. Aclıq

Bu ən təsirli vasitələrdən biridir. Həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq lazımdır. Gün ərzində yalnız 2 l təmiz su içmək olar. 24 saat keçdikdən sonra tərəvəz salatı yeyin və daha sonra adi qaydada qidalanın. Təbii ki, qidalanma sağlam və xeyirli olmalıdır.

4. Otlar

Bəzi müalicəvi otların köməyi ilə bağırsaqları yaxşı təmizləmək olar. Bunun üçün quru bankaya 4 xörək qaşığı qarğıdalı saçaqları, 3 xörək qaşığı sənna otu, 2 xörək qaşığı bağayarpağı, 1 xörək qaşığı çobanyastığı tökün və yaxşı qarışdırın. 1 həftə ərzində hər gün bu otlarda 1,5 xörək qaşığı götürün və termosda 1 stəkan qaynar su ilə dəmləyin. 1 saatdan sonra dəmləməni yaxşı süzün və axşam yatmazdan əvvəl qəbul edin (şəkər və s. əlavə etmək olmaz). Dəmləməni qəbul etdikən sonra heç nə yemək və içmək olmaz.

5. Xüsusi dərman preparatları

Bu preparatları yalnız həkim təyin edə bilər.

Ümumillikdə bağırsaqlarınızı təmizləmək qərarına gəlmisinizsə, mütləq əvvəl həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və patologiyalar zamanı bu prosedur səhhətinizə ziyan vura bilər.

Saglamolun.Az