Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən tövsiyələrə əsasən, uşağın ilk əmizdirilməsi doğuşdan sonrakı ilk 30 dəqiqə ərzində baş verməlidir.
Bu cür erkən əmizdirmənin körpə üçün çox böyük əhəmiyyəti vardır! Çünki bu zaman uşaq, bilavasitə doğulduğu andan sonra, onun səhhəti üçün həm əvəzolunmaz qida və həm də dərman hesab olunan ilkin süd ("ağuz südü") almış olur.
Körpənin erkən əmizdirilməsi, laktasiya prosesinin düzgün başlamasının əsaslarını təmin edir, laktasiyanı “isə salınır”, döş tərəfindən süd hasilatının artmasına və həmçinin əmizdirilmə müddətinin uzadılmasına kömək edir.
Uşağın erkən əmizdirilməsi onun bağırsaqlarında sağlam mikrofloranın formalaşmasına da kömək edir. Uşaq doğularkən onun bağırsaqları, dərisi və selikli qişaları steril olur. Ətraf mühit ilə ilk kontaktdan sonra isə müxtəlif mikroorqanizmər onların üzərində "məskən salırlar". Tədqiqatçılar tərəfindən sübut olumuşdur ki, ananın dərisi və selikli qişalarında olan mikroorqanizmlər uşağın orqanizminə zərər vermədən daha asanlıqla uyğunlaşırlar və hətta şərti patogen olan mikroblar belə, digər mənbələrdən daxil olan eyni mikoblara nisbətən, daha nadir hallarda xəstəliyin əmələ gəlməsinə səbəb olurlar. Məhz bu səbəbdən doğulduqdan dərhal sonra uşağı ananın döşün üzərinə qoyurlar, anaya onu əzizləməyə, öpməyə icazə verirlər. Bu zaman uşağın dərisi və selikli qişaları ananın dəri və selikli qişaların mikroflorası ilə "tanış olur". Bunu uşağa vurulan ilk "peyvəndlə" müqayisə etmək olar.
Erkən əmizdirilmə yalnız körpə üçün deyil, onun anası üçün də çox vacibdir. Bu, doğuşdan sonrakı dövrdə yarana biləcək bir çox fəsadların (qanaxma, uşaqlığın kifayət qədər yığılmaması və s.) profilaktikası rolunu da oynayır. Körpənin əmizdirilməsi zamanı ananın orqanizmində oksitosin hormonu hazırlanır. Bu hormon isə, eyni zamanda, uşaqlığın öz normal ölçülərinə qədər yığılmasına da kömək edir. Körpə nə qədər tez-tez əmizdirilərsə, bu proses də o qədər sürətlə gedər. Məhz bu səbəbdəndir ki, uşaq doğulduqdan sonra onun erkən əmizdirilməsi zamanı ananın qarnının aşağı hissələrində müəyyən ağrı hissiyyatları yaranır – bu, onun uşaqlığının yığılmasının əlamətidir.
Qeyd etmək lazımdır ki, körpənin erkən əmizdirilməsi təcrübəsindən respublikamızın heç də bütün doğum evlərində istifadə olunmur. Ona görə də doğuşa hazırlaşdığınız doğum evinin tibb işçiləri ilə əvvəlcədən razılığa gəlməyiniz vacibdir ki, onlar bilavasitə doğuşdan sonra – elə doğuş zalında olarkən uşağı sizə ilkin əmizdirməyə versinlər. Tibb işçilərini həmçinin xəbərdar edin ki, körpənizə nə əmzik nə də şüşədə heç bir süni qida qarışığı verməsinlər və onu mütləq gecə saatlarında sizə əmizdirməyə gətirsinlər (əgər bu doğum evində ana və uşağın bir palatada olması təcrübəsindən istifadə olunmursa).
Ana və körpənin bilavasitə doğuşdan sonra eyni palatada bir yerdə olması – həm ana, həm də körpə üçün ən yaxşı variant hesab olunur. Ona görə doğum evini seçərkən bunu da nəzərdən qaçırmamağınız məsləhət görülür.
Bir çox doğum evlərində gecə saatlarında (və hətta gündüz vaxtı da) uşaqların əmziklə yedizdirilməsi təcrübəsindən istifadə edirlər. Onlar bunu, “ananın doğuşdan sonra istirahət etməsinin” vacibliyi ilə izah edirlər. Əksər mütəxəssislər bunu yanlış və zərərli üsul hesab edirlər. Ona görə ki, əmziyə öyrəşən körpə, sonradan ananın döşünü əmməkdən imtina edə bilər, çünki döşü əmmək, körpədən əmziyi əmməkdən xeyli çox güc tələb edir. Bundan əlavə uşaq əmziyi bir cür, ananın döş giləsini isə başqa cür əmir. Əmziyi əmməyi öyrənən uşaq ananın döş giləsini düzgün şəkildə götürməyəcək (bu barədə aşağıda məlumat veriləcək). Bunun nəticəsində uşaq doymayacaq və eyni zamanda daim ananın süd vəsiləri gilələrinə müxtəlif travmalar və zədələr yetirəcəkdir. Bu isə sonda, döş gilələrində çatların yaranması ilə nəticələnə bilər.
Məhz erkən əmizdirilmə - uşaqda ananın döşünü düzgün tutmaq və düzgün əmmək vərdişinin formalaşmasına daha yaxşı imkan yaradır.
Saglamolun.Az