“Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyevanın itkin düşməsi ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Kavazov Səfər Dursunoviç “Snapchat” vasitəsilə tanış olduğu Ə.Tağıyevaya evlənəcəyinə dair vəd verib. 14 may 2023-cü il tarixdə onu Tovuzdan Xudata gətirib və orada Əfsanə ilə könüllü razılıq əsasında cinsi əlaqədə olub”.
Bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Füzuli Vəliyev bildirib.
Prokuror əlavə edib ki, hazırda Cinayət Məcəlləsinin 152.2. maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Verilişdə qonaq olan vəkil Cabbar Bayramov məsələ ilə bağlı hüquqi mahiyyəti izah edərkən bildirib ki, hal-hazırda cinayət işinin başlanıldığı maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Amma istintaqın gedişinə uyğun olaraq ittiham olunan maddə dəyişə bilər. Əgər istintaq zamanı psixoloji ekspertiza zamanı məlum olsa ki, 13 yaşlı qız ona qarşı edilən cinsi hərəkətin mahiyyətini anlamayıb, bu halda cinayət məcəlləsinin 149.3.3-cü maddəsi üzrə cinayət işi aparıla bilər. Bu isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu maddəyə əsasən, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə, on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil onu da qeyd edib ki, əgər qaçırılma zamanı heç bir cinsi akt sübut olunmazsa, təqsirkar hesab edilən şəxs heç bir məsuliyyətə cəlb olunmur.
Sevinc Hüseynova
Saglamolun.Az