Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın suallarını cavablandırıb:
- AY.4.2 ştammını "Delta"dan fərqləndirən əsas xüsusiyyətləri nələrdir?
- AY.2.4 yeni ştamm deyil, "Delta" ştammının mutasiyaya uğramış yeni variantıdır. Ona görə də AY.2.4 ştammı "Delta+" adlandırılır. Bu ştamm hələ o qədər də geniş yayılmayıb. Ən çox İngiltərə və Amerikada var. Hazırda İngiltərədə 10 faiz hallarda bu ştamma yoluxma var. Mutasiyaya uğramış ştammın "Delta"dan əsas fərqi odur ki, 10-15 faiz daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Daha ağır xəstəlik törətməsi haqqında isə təsdiqlənmiş məlumat yoxdur.
- Azərbaycanda uşaqların virusa yoluxması ilə bağlı vəziyyət necədir?
- Pandemiya başlayandan bu günə qədər böyüklərə nisbətən uşaqlarda yoluxma halları daha az müşahidə olunur. Onların xəstəliyi ağır keçirmə riski aşağıdır. Əyani təhsil bərpa olunana qədər uşaqlar arasında koronavirusa yoluxma halları yaşdan asılı olaraq 3-9 faiz arasında dəyişirdi. Məktəblər açılandan sonra isə uşaqların yoluxması ilə bağlı statistika yoxdur.
- Pandemiya ilə bağlı müsbət istiqamətdə inkişaf nə vaxt ola bilər?
- 2022-ci ildə koronavirus infeksiyasının inkişafında əhəmiyyətli dəyişikliklər olacaq. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, əgər yay aylarınadək dünya əhalisinin 70 faizindən çoxu peyvənd vurdurarsa, pandemiya sona çatacaq. Pandemiyanın sona çatması isə virusun yox olması demək deyil. Bu infeksiya bizimlə ömürlük qalacaq. Sadəcə olaraq koronavirus vaxtdan asılı olaraq ölkələrdə arta və yaxud da azala bilər. Əsas məsələ ondan ibarətdir ki, vaxt keçdikcə, insanlar xəstələndikcə, immunitet əldə etdikcə və peyvənd vurdurduqca bu infeksiya öz patagenliyini azalda bilər. Yəni, ölüm hallarının, ağırlaşmaların sayı azalar. Əgər, COVID-19 virusu respirator viruslar, yəni qrip virusu kimin keyfiyyətlər əldə etsə, ona diqqət ayrılmayacaq və bu adi fəsli qriplər kimi qiymətləndiriləcəkdir.
Saglamolun.Az