Aparıcı Hacı Nuran Hüseynov Gəncə qətliamında gözlərini itirən 26 yaşlı Pərvin Qasımovadan yazıb.
“MediaPost” xəbər verir ki, o, sosial media hesabında Pərvinin hekayəsini belə dilə gətirib:
“O, təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi - Pərvin Nüsrəddin qızı Qasımovanın (19.03.1994) cəmi 26 yaşı var. Dünənə qədər həyat onun üçün güllü-çiçəkli idi. Bu gündən isə qaranlıq, zülmət...
Dünənə qədər o, iki gül balasının necə böyüdüyünə şahid idi. Bu gündən isə doğmalarının üzünə həsrət...
Daha o, nə gün işığı görəcəkdi, nə anasının üzünü, nə də balalarının böyüməyini. Sadəcə, sığal çəkəcək, oxşayacaqdı onları. Çünki qatil erməni onu dünya işığına həsrət qoydu. Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında onun da adı var - gözünü itirdi Pərvin. Dağıntılar altından sağ çıxarıldığına şükür edir doğmaları. O da üsyankar deyil. “Gözüm vətənə qurban olsun” deyir.
“Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm. Təki vətən sağ olsun, oğullar şəhid olmasın”.
Bundan böyük ürək olarmı? Gənc bir qızın məntiqi qarşısında baş əymək gərək. Mən bu xalqın mərd oğul, qızları ilə fəxr edirəm. Biz ona görə bu gün tarix yazırıq. Çünki bu xalqın anaları vətən uğrunda şəhid olan oğul tabutunu çiynində daşıyar, qızları isə “Gözüm vətənimə qurban olsun”, deyər...”.
Saglamolun.Az