Fərqanə Mehmanqızı: “Bu oyunlara alüdə olan uşaqlar gələcəkdə həm psixoloji olaraq pozğunluq keçirirlər, həm də zərərli vərdişlərə yiyələnirlər”
Hindistanın Madya Pradeş əyalətində 6 saat fasiləsiz "PUBG” oynayan uşaq ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, bu oyun ölkəmizdə də geniş yayılıb. Nəinki, azyaşlılar, həmçinin böyüklər də oyuna maraq göstərirlər.
Maraqlıdır, bu durumda valideynlər necə davranmalıdır?
Sualımızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı "Sherg.az”a bildirdi ki, ümumiyətlə, uşaqların oyunlara çox alüdə olması onları asılılığa, iradə zəifliyinə gətirib çıxarır:
"Uşağın təməlində hansısa asılılığa meyllilik inkişaf edirsə, bu zaman o gələcəkdə narkotika, alkoqol və siqaretə qurşana bilər. Valideynlər uşaq sakit dursun deyə ya kompüterdə oyun açır, ya da telefon verirlər. Bu zaman uşaqlar müxtəlif oyunları oynayır. Həmin oyunları yaradanlar isə elə vasitələrdən istifadə edir ki, oyunlar uşaqlarda asılılıq yaradır.
Bütün bunlar da psixologiyaya təsir edən amillərdir. Uşaqların əlinə kiçik yaşlardan planşet və telefon verirlər. Bu da insanın hansısa əşyadan asılı olmasına gətirib çıxarır. Əksər yeniyetmələrin əlindən telefon düşmür. Onlar heç bilmirlər ki, nəyə baxırlar. Amma əsas odur ki, telefon əllərində olsun və daimi olaraq ondan istifadə etsinlər. Bir zamanlar bəzi insanlarda təsbehdən asılılıq yaranmışdı. Təsbeh əldə olmayanda həmin insan özünü, sanki, nəyinisə itirmiş kimi hiss edirdi”.
Psixoloq qeyd edib ki, valideynlər uşağın körpə yaşlardan nələrəsə asılı olmasına şərait yaradır:
"Bu zaman uşaqların iradəsi zəifləyir deyə, müəyyən neqativ hallar baş verir. Belə uşaqlar gələcəkdə həm psixoloji olaraq pozğunluq keçirirlər, həm də zərərli vərdişlərə yiyələnirlər. Belə asılılıqları aradan qaldırmaq üçün əvvəlcədən uşağı onun özünə bağlamaq lazımdır. Yəni, uşaq öz iradəsinə güvənməlidir. Valideyn uşaqla yetəri qədər məşğul olsa və övladına çox vaxt ayırsa, bu zaman uşaq özünə qapanıb hansısa oyunların alüdəçisinə çevrilməz. Ona görə də belə məsələlərdə valideynlərin üzərinə böyük yük düşür”.
Saglamolun.Az