Unikal qan qrupu aşkarlanıb


DÜNYADA İLK DƏFƏ
Hindistanın Karnataka ştatında yaşayan 38 yaşlı qadında elmə əvvəllər məlum olmayan qan qrupu aşkarlanıb. Bu barədə The Times of India jurnalı xəbər verir.
Qadın ürək əməliyyatı üçün xəstəxanaya yerləşdirildikdən sonra ona qan köçürülməsi lazım gəlib. Lakin əvvəlcə O Rh+ (1+)(ən geniş yayılmış) qan qrupu diaqnozu qoyulmasına baxmayaraq, qan bankındakı heç bir nümunə uyğun gəlməyib. Aparılan seroloji analizlər qadının qanının panreaktiv olduğunu göstərib – yəni, bütün test nümunələri ilə uyğun gəlməyib. Maraqlıdır ki, ailənin 20 üzvü üzərində aparılan yoxlamalar da nəticə verməyib – heç biri uyğun donor olmayıb.
Buna baxmayaraq, həkimlər əməliyyatı qan köçürmədən uğurla həyata keçirib. Qadının qan nümunələri daha sonra Böyük Britaniya yerləşən Beynəlxalq Qan Qrupları Laboratoriyasına göndərilib. 10 ay davam edən tədqiqatlardan sonra alimlər qadının qanında daha əvvəl elmə məlum olmayan yeni bir antigen aşkarlayıb. Bu antigenə CRIB adı verilib. Qadın bu nadir antigenin dünyada rəsmi şəkildə təsdiqlənmiş ilk daşıyıcısı olub.

Saglamolun.Az