Burun və qulaq xəstəliklərinə qarşı təbii dərmanlar - XALQ TƏBABƏTİ

 

Eşitmə üzvünün, burun və boğazın klinik anatomiyasını dərindən bilmək bu üzvlərin xəstəliklərini öyrənməkdə və onların müalicəsində böyük əhəmiyyətə malikdir. Qulaq anatomik cəhətcə üç hissəyə bölünür: xarici, orta və daxili qulaq. Funksional cəhətcə qulaqda iki hissə: eşitmə aparatı və statokinetik (müvazinət və sahə hissi) aparat ayırd olunur.

Uzun illər xalq təbabətində burun və boğaz xəstəliklərinə qarşı bir neçə təbii üsuldan istifadə edilib: 

  • Burundan axan qanı kəsmək üçün bir xörək qaşığı kükürdü əl boyda göy satin parçanın üzərində yandırıb, xəstəni 10-15 saniyə müddətində örtük altında onunla tənəffüs etdirmək lazımdır.
  • Burundan axan qanı kəsmək üçün insanın baş tükünü yandırıb, onun külünün tozunu buruna çəkməli
  • Burundan axan qanı yumurtanın qabığının yanığını toz halına salaraq buruna çəkməklə kəsmək mümkündür. 
  • Sədəfotunu sirkəyə qatıb təpitmə kimi buruna qoymaqla qanaxmanı dayandırmaq olar.
  • Zirəni döyüb tünd sirkə ilə qarışdıraraq onu iyləməklə və piltə kimi qoymaqla burundan axan qanı kəsmək olar.
  • Zəy ilə çölsoğanı şirəsinin məhlulu burundan axan qanı kəsmək qabiliyyətinə malikdir.
  • Burun tutulanda mərzə cövhəri ilə özünü asqırtmaq lazımdır. Eyni məqsədlə nanə və reyhan şirəsi və ya sirkə ilə özünü asqırtmaq da çox yaxşı təsir edir
  • Burun yarasına qarşı tətbiq olunan vasitələrdən biri də şirin nardır. Bu məqsədlə şirin narın dənəsini əzib mis qazanda qaynadaraq bal ilə qatışdırmaq və burunda olan yaraya qoymaq lazımdır.
  • Burun yarası üçün ən təsirli vasitələrdən biri əzvay hesab olunur. Bu məqsədlə onu əzərək şirəsini balla qatıb buruna piltə qoymaq lazımdır.
  • Burunda olan artıq ətə qarşı təzə sərv qozası təsirli vasitələrdəndir. İstifadə qaydası: Sərv qozasını əzib süd ilə qatışdırmaq və buruna çəkmək lazımdır. Bu, həm də burun zədəsinə qarşı da faydalıdır.
  • Qaymariti müalicə etmək üçün yarım kiloqram paxlanı sirkə içərisinə töküb 2 gün islatdıqdan sonra hər gün 100 qrama qədər götürüb dəmir üstünə tökərək yandırmaq, onun tüstüsünə ağız və burunu vermək lazımdır (həmin vaxt baş şalla örtülməlidir).
  • Qulaqda iltihab olduqda soğan şirəsi hopdurulmuş pambığı gündə 3 dəfə 10-15 dəqiqə müddətində qulaq deşiklərində saxlamaq lazımdır.

Qulaq ağrısını sakitləşdirmək üçün…

  • Qulaq ağrısı zamanı gül yağı müalicəvi təsir göstərir. Bunun üçün turpun içini oyub oraya gül yağı tökərək od üzərində isidib qulağa damcılatmaq lazımdır.
  • Qulağa acı badam yağı damcılatmaq qulaq ağrısını sakitləşdirir.
  • Qaz piyi və azacıq qızdırılmış toyuq piyi iltihab zamanı qulaq döyüntüsünün qarşısını alır.
  • Qulaq sulanması zamanı nar şirəsini mis qazanda üçdə bir hissəsi buxarlanıncayadək qaynatmalı, qalan hissədən ilıq halda iki damcı qulağa damcılatmalı.
  • Qulaqda uğultu olarsa, gənəgərçək yağı və şaftalı tumunun yağını qulağa damcılatmaq məqsədəuyğundur.
  • Qulaqda uğultu olarsa acı badam yağı və ya qoyun ödü ilə çöl soğanı şirəsinin qatışığını qulağa damcıladırlar.
  • Ağır eşitmə hallarında kibritin kükürdünü buxarlandırıb qulağı onun buxarına vermək faydalı təsir göstərir.
  • Eşitmə qabiliyyətini gücləndirmək üçün xardalı quru əncirlə döyüb təpitmə şəklində qulağa qoymaq məqsədəuyğundur.
  • Eşitmə qabiliyyətini gücləndirmək üçün kərkəs piyini əridib onunla qulağa piltə qoymaq yaxşı təsir göstərir. (Bu əməliyyatı bir neçə dəfə təkrar etməli)
  • Söyüd yarpağı, çobanyastığı, zəncəfil, şüyüd və süsən kökündən suda cövhər hazırlayıb ilıq halda qulağa piltə qoymaq eşitmə prosesini gücləndirir.
  • Turpu duz ilə döyüb onun şirəsini qulağa damcılatmaq da eşitmə qabiliyyətinin güclənməsinə səbəb ola bilər.
  • Ana südü qulaq ağrısının şiddətini azaldır.
  • Badam və ya qoz yağını ilıq halda qulağa damcılatdıqda bir neçə günlüyə ağrının qarşısını alır. Eyni məqsədlə qulağa yumurta sarısı damcılatmaq da münasib sayılır.
  • Qulağın iltihablı ağrılarını kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qatışdırıb təpitmə kimi qulağa çəkmək çox xeyirlidir
  • Qulağın iltihablı ağrılarını kəsmək üçün nardan və şərabdan hazırlanmış məlhəm də yaxşı təsir edir. 
  • Şirin narın dənələrini şərabda qaynadıb həvəngdə yumşalınca döydükdən sonra məlhəm kimi qulağa qoymaq lazımdır.

Sevinc Hüseynova 

 

Saglamolun.Az