Uşaqlarda nəfəsalma orqanlarının infeksion xəstəlikləri

Göyöskürək

Göyöskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.

Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün o daha təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.

Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları təsirindən, yüksək və alçaq temperaturlarda asanlıqla məhv olur. Buna görə də göyöskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər əşyalarını sabunla yumaq lazımdır.

Uşaqlarda göyöskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq göyöskürəyə tutulsa da, onu daha yüngül keçirir. Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.

Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha yüngül olur və tez keçib gedir. Göyöskürək zamanı isə öskürək artaraq davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, bəzən öskürək qusma, qeyri-iradi sidik buraxma ilə tamamlanır. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.

Südəmər uşaqlarda göyöskürək zamanı baş verən öskürək tutmaları tənəffüs dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də belə uşaqlarda göyöskürəyə azacıq şübhə olduqda, onları dərhal xəstəxanaya yerləşdirmək daha yaxşı olar. Göyöskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz! Çünki xəstəlik zamanı baş verən öskürək tutmaları istənilən an tənəffüsün dayanmasına səbəb ola bilər!

Göyöskürək həmçinin öz fəsadları ilə də təhlükəli hesab edilir (pnevmoniya - sətəlcəm). Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göyöskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.

Göyöskürəyin profilaktikası - uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir.

Difteriya

Difteriya - kəskin infeksion xəstəlikdir. Onun törədicisi - difteriya çöpləridir. Difteriya çöpləri xarici təsirlərə qarşı çox davamlı olub, yalnız qaynama zamanı və dezinfeksiyaedici məhlulların təsiri altında məhv olurlar. Difteriya ilə istənilən yaş qrupundan olan uşaqlar, hətta böyüklər də xəstələnə bilər. Ağır formalarda keçən bu xəstəlik hətta ölümlə də nəticələnə bilər! Məhz buna görə də uşaq sahə poliklinikasında təqvim üzrə difteriyaya qarşı peyvənd almalıdır.

Peyvənd almış uşaqlar da bu xəstəliyə tutula bilər. Ancaq bu zaman onlarda xəstəliyin gedişatı peyvənd olunmayanlarla müqayisədə xeyli yüngül keçmiş olur.

İnfeksiya xəstədən uşağa hava, oyuncaqlar, məişət əşyaları, bəzən isə qida məhsulları (süd və süd məhsulları) ilə də keçə bilər.

Difteriya əsnəyi, qırtlağı, burnu zədələyir. Əsnəyin difteriyası zamanı, xəstəliyin ilk saatlarında badamcıqlar üzərində hörümcək toru şəklində ərplər əmələ gəlir. Bu zaman bu ərplər asanlıqla təmizlənir. 1-2 gündən sonra isə ərplər bərkimiş, parıltılı olur, bozumtul-ağ rəng alırlar. Ərp yalnız badamcıqların səthini deyil, qövsləri, əsnəyi, udlağın arxa divarını da bürüyür. Badamcıqların selikli qişası qızarmış, şişkin olur. Yaxınlıqdakı limfa düyünləri böyüyür, hərarət 37,50C-38,50 C–yə qalxır. Əsnəyin difteriyası əksər hallarda iltihab prosesi əsnəkdən və burun-udlaqdan qırtlağa yayılarkən baş verir.

Difteriyanın ağır forması zamanı hərarət 39-400C-yə qalxır, boyunda şişkinlik əmələ gəlir, yaxınlıqdakı limfa düyünləri çox böyüyür və ağrılı olur, tənəffüs çətinləşir.

Difteriyanın müalicəsinin nəticəsi müalicənin nə qədər erkən başlanmasından asılıdır. Xüsusilə bu, xəstəliyin ən ağır formalarına aiddir. Belə ki, bu zaman müalicədə ləngimə, səhlənkarlıq uşağın tələf olmasına gətirib çıxarır! Bir daha təkrar edək: difteriyanın ağır formaları əksər hallarda peyvənd olunmamış uşaqlarda rast gəlinir!

Hətta yüngül formalı difteriyalar da xəstəxana şəraitində difteriya əleyhinə xüsusi zərdab yeridilməklə müalicə olunur.

Keçirilmiş xəstəlikdən sonra uşaq 3 aydan 2 ilə qədər olan müddət ərzində pediatr, lazım gələrsə, kardioloq, nevropatoloq və LOR-həkimlərinin nəzarətində olmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, difteriyanın ən gözəl profilaktikası bu xəstəliyə qarşı peyvəndin vurulmasıdır. Bu peyvəndin vurulmasına heç bir mütləq əks göstəriş yoxdur.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика