Miokard infarktının müalicəsi

Xəstəliyin təhlükəliliyini nəzərə alaraq, risk etməmək üçün miokardın infarktına kiçik bir şübhə yaranmış olduqda həkimlər xəstəni reanimasiya şöbəsinə yerləşdirirlər.

Bunu mümkün qədər tez etmək lazımdır. Çünki, xəstəliyin gedişatının yalnız ilk bir neçə saatı ərzində, xüsusi dərman preparatlarından istifadə etməklə, “təzə” trombu əridərək qan dövranını bərpa etmək olur.

Bundan sonra isə yeni trombların əmələ gəlməsinin qarşısını almaq lazım gəlir. Bunun üçün qanın laxtalanmasını ləngidən, həmçinin ürək fəaliyyətini bərpa edən və digər dərman preparatlarından istifadə edirlər.

Miokard infarktının ilk günlərində xəstələrə ciddi yataq rejimi tətbiq edilir. Çünki bu zaman, ürəyin zədələnmiş hissəsi ən kiçik fiziki yüklənməyə belə dözməyə bilər. Əvvəllər miokard infarktı keçirən şəxslərə bir neçə həftə ərzində yataqlarından qalxmağa icazə verilmirdi. Hal hazırda yataqda qalma müddəti xeyli dərəcədə qısaldılmışdır. Həkimlər hesab edirlər ki, xəstənin uzun müddət ərzində yataqda qalması, infarktdan sonrakı bərpa prosesinə hətta mənfi təsir edə bilər. Bu səbəbdən, əgər ciddi fəsadlar yoxdursa, xəstəliyin 3-cü günündə xəstəyə yatagında əyləşməyə icazə verirlər.

Miokard infarktının müalicəsi üçün müasir tibbdə yeni effektiv müalicə üsulları işlənib hazırlanmışdır. Məsələn, dərman müalicəsinin effektivsizliyi zamanı koronar ballon angioplastikası həyata keçirilir. Bəs, bu nə deməkdir? Yerli ağrısızlaşdırma aparmaqla, bud arteriyasından xüsusi kateter yeridilərək koronar arteriyanın daraldığı yerə çatdırılır. Kateterin sonunda kiçicik ballon yerləşir. Bu ballon üfürülmüş şəkildə damar mənfəzinin bilavasitə aterosklerotik düyün olan hissəsində yerləşdirilir. Ballonun sonrakı genişləndirilməsi zamanı o aterosklerotik düyün olan sahəni sıxaraq pozulmuş qan dövranını bərpa edir.

Əgər yuxarıda qeyd edilən tədbirləri yerinə yetirmək mümkün deyilsə və ya onlar kömək etmirsə, təcili olaraq aorta-koronar şuntlama əməliyyatı icra olunur. Bunun üçün həkimlər adətən, xəstənin aşağı ətrafından götürülən vena damarının bir hissəsi ilə (şunt), ürəkdə qan axını üçün yeni yol yaradırlar. Bu əməliyyat nəticəsində ürəyin zədələnmiş sahəsinin qanla təchiz olunması bərpa olunur.

Saglamolun.Az