Bir çox ölkələrdə koronavirusla mübarizə məqsədi ilə evə qapanma istifadə olunur. Bu koronavirusun yayılmasını və ən əsası səhyyəyə düşən yükü azaldır.
Lakin son zamanlar alimlər evə qapanmanın insanların fiziki və psixoloji sağlamlığına olan ciddi mənfi təsirlərini qeyd edirlər.
Saglamolun.az bu mövzuya həsr olunmuş “Jit zdorovo” (Rusiya) televiziya verilişinin fraqmenti ilə sizi tanış edir.
Tanınmış rusiyalı həkim-immunoloq, professor Andrey Prodeus bildirib ki, evə qapanma zamanı uşaqlar koronavirusa 4 dəfə çox yoluxurlar. Bu nəticəyə Finlandiya və İsveçdəki vəziyyəti müqayisə edən alimlər gəliblər. Finlandiyada koronavirusla bağlı ciddi karantin tətbiq olunurdu, İsveç isə əksinə karantindən imtina edib. Məlum olub ki, Finlandiyada uşaqlar arasında yoluxma İsveçrə ilə müqayisədə 4 dəfə çox olub.
Həmçinin həkimlər qeyd ediblər ki, karantin və evə qapanma ilə bağlı uşaqlar arasında peyvəndləşmə vaxtında aparılmır və bunun nəticəsində artıq çox təhlükəli və yoluxucu xəstəlik olan qızılca artıb. Qızılca uşaqlar və həmçinin hamilə qadınlar üçün təhlükəlidir. Hamilə qadınlarda qızılca dölün tələf olmasına səbəb ola bilər.
Yaşlı insanlarda isə evə qapanma və karantin infarktın artmasına səbəb olub. Rusiyalı kardioloq professor Dmitriy Duplyakov bildirib ki, rəsmi statistikaya görə, Rusiya və digər karantin tətbiq edən ölkələrdə ürək-damar sistemi xəstəliklərindən ölüm halları xeyli artıb. Yaşlı insanlar vaxtında təcili yardıma müraciət edə bilmir və nəticədə evdə ürək dayanması səbəbindən ölüm halları, məsələn yalnız Nyu-Yorkda 5 dəfə artıb. Dünyada koronavirus 1 mln insanın ölümünə səbəb olduğu halda, eyni müddət ərzində ürək-damar sistemi xəstəliklərindən 17 mln (!) insan ölüb.
Tanınmış rusiyalı həkim-kardioloq Yelena Malışeva bildirib, insan aktiv, hərəkətli olanda damarlar işləyir, qan dövranı yaxşılaşır. Qapanma zamanı isə insanın çəkisi artır, hərəkətlilik azalır və bu da ürək-damar sistemi xəstəliklərin və infarktın riskini artırır.
Həkimlər bildiriblər ki, evə qapanma zamanı da insanlar çöldə gəzməli, daha hərəkətli olmalı, qidalanmanı müəyyən dərəcədə azaltmalıdır.
Həmçinin həkimlər qeyd ediblər ki, karantin zamanı insanın psixiki sağlamlığı da pozula bilər. İnsan panik vəziyyətə düşübsə, mütləq həkimə müraciət etməlidir.
Saglamolun.Az