Faiz insanları bədbəxt edir

“Ey iman gətirənlər! Qat-qat artırılmış faizi yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran, 3/130).

Faiz dinimizdə qadağan olan böyük günahlardandır. Onun azı da, çoxu da haram qılınmışdır. Ayədə qat-qat artırıb yemənin qadağan olunmasından elə başa düşülməməlidir ki, qat-qat olmayanı yemək olar. Çünki başqa bir ayədə “Faiz yeyənlər qəbirlərindən ancaq şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də faiz kimi bir şeydir!” - dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, faiz almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (faiz) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən faizə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (əl-Bəqərə, 2/275) buyurularaq miqdarından asılı olmayaraq faiz mütləq şəkildə haram qılınmışdır. Əvvəla, onu qeyd etmək lazımdır ki, bu ayədə İslamdan əvvəlki ərəblər arasında mövcud olmuş bir tətbiqata işarə olunur. Belə ki, müşriklər vaxtında ödənə bilməyən borca yüksək faiz əlavə edərək, vaxtı uzadar, beləcə, alınan borc qısa bir vaxtda qat-qat artardı.

Dilimizdə “sələmçilik” termini ilə də ifadə olunan “qat-qat faiz yemə” qadağasının müsəlmanların Uhud döyüşündəki məğlubiyyətindən bəhs edən ayələrdən sonra gəlməsi düşündürücüdür və bunun mütləq bir hikməti vardır. Başlanğıcda qalibiyyət əldə edən müsəlmanların Uhudda məğlub olmalarının ən önəmli səbəbi bəzi müsəlmanların hələ qalib gəlmədən qənimət yığmağa başlamalarıdır. Mal düşkünlüyü əldə etməyə yaxın olduqları zəfəri məğlubiyyətə çevirmişdir.

Şübhəsiz ki, mal Allahındır və bizə əmanət verilmişdir. Buna görə də malı qazananda da, xərcləyəndə də Allahın rizasına uyğun hərəkət etməliyik. Qiyamət günündə sorğu-suala çəkiləcəyimiz şeylərdən biri də malı haradan və necə qazandığımız, onu hara və necə xərcləməyimiz olacaq. Biz bir müsəlman olaraq, dinimizin əmrinə riayət etməli, yəni içində alın təri, zəhmətimiz olmadən əldə etdiyimiz haramdan, yəni faizdən uzaq durmalıyıq. Elə günahlar var ki, ziyanı ancaq onu işləyənə dəyir. Elə günahlar da var ki, bütün cəmiyyətin həyatına neqativ təsir göstərir. Faiz belə günahlardandır.

İctimai və iqtisadi həyatda faizin səbəb olduğu çoxlu zərərlər və mənfi nəticələr var. Hər şeydən əvvəl onu nəzərdə tutmaq lazımdır ki, faiz puldan pul qazanmaqdır, yəni bu qazancın qarşılığı yoxdur, hər hansı zəhmətə əsaslanmır. İnsanların malları da canları kimi toxunulmaz olduğu üçün başqa bir şəxsin malının qarşılıqsız alınması zülmdür. İnvestisiyaların taraz və ədalətli şəkildə paylaşdırılmasına mənfi təsir göstərən faiz inflyasiyanın və qiymətlərin artmasına səbəb olur. Faizin yayğın olduğu cəmiyyətlərdə orta təbəqə aradan çıxır, kasıblar daha kasıb, varlılar daha varlı olurlar. Yəni təbəqələr arasında dərin uçurum əmələ gəlir. Başqa sözlə, faiz cəmiyyət həyatında uçuruma səbəb olduğu üçün bir çox ailələrin iflası, fəlakəti olur, ailələr dağılır, insanlar borc altında əzildiyi üçün intihar edirlər. Yoxsulu daha da yoxsullaşdıran, insanları məhv edən faiz insanlar arasında qarşılıqlı yardım, xeyirxahlıq, səmimiyyət, sevgi, mərhəmət kimi hisslərin itməsinə səbəb olur. Təcrübə göstərir ki, faizə pul verməklə sərvət yığanların çoxunun aqibəti fəlakətə sürüklədiklərinin aqibətindən heç də yaxşı olmur. Ya kimsə onun malına tamah salıb öldürür, ya da el arasında deyildiyi kimi, kasıbların ahı tutur. Axirət həyatında isə onları çox ağır cəza gözləyir. Ümumiyyətlə, bir həqiqəti də nəzərdən qaçırmaq olmaz ki, faiz, adətən, kriminal şəraitdə daha rahat yayıldığı üçün bir çox hallarda kriminal hadisələrə səbəb olur. Yəni bu bəla cəmiyyət həyatı üçün real təhlükə mənbəyi sayılmalıdır.

Qardaşın qardaşa əl uzatması, kömək etməsi və onun dərdini öz dərdi hesab eləməsi qardaşlığın tələbidir. Müsəlman faiz və sələmdən uzaq durmalı, ehtiyac olduqda din qardaşına borc verməlidir. Borc vermək yardım etməkdir, sələm vermək isə baş kəsməkdir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика