Qan vermək üçün minimum çəki nə qədər olmalıdır? - AÇIQLAMA

Qana ehtiyacı olan hansısa yaxınına yardım etmək məqsədilə könüllü donor olmaq istəyən vətəndaşlar xəstəxanalarda bir sıra əngəllərlə qarşılaşırlar. Onlardan müxtəlif bəhanələrlə qan götürülmür. Bəzi xəstəxanalar sağlamlıq cəhətdən heç bir problemi olmayan vətəndaşın çəkisini problem edir, qan vermək üçün minimum çəkinin 60 kq olduğunu deyirlər. Sosial şəbəkələrdə yazılan vətəndaş şikayətlərindən belə qənaətə gəlinir ki, donorlardan pulsuz alınan qan bəzən ehtiyacı olanlara ya pulla satılır, ya da ümumiyyətlə, xəstələrə xəstəxanada qanın olmadığı deyilir. Əhali arasında könüllü verilən qanın ehtiyacı olan xəstəyə pulsuz çatmayacağı, bu qanın satılacağı ilə bağlı narahatlıqlar hər zaman müzakirə mövzusu olub. Çoxsaylı tədqiqatlarla sübut edilib ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Qan vermək üçün tələblərdə isə bildirilir ki, çəkiniz 50 kq-dan artıqdırsa, qan verə bilərsiniz. Eyni zamanda qan vermək üçün aşağı yaş həddi 18, yuxarı yaş həddi 65 olmalıdır... 

Pravda.az-a açıqlamasında məsələni geniş şərh edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, donor olmaq istəyənlərin qarşısında təbii və süni əngəllər ola bilər. 

Deputat bildirib ki, təbii əngəllər tamamilə sağlamlıqla əlaqədar problemlərdir: “Bu problemlər şəxsin donor olmasına imkan vermir. Qan azlığı - hemoqlobinin aşağı olması, xroniki xəstəliklər, şəkərli diabet, hipotoniya – arterial təzyiqin normadan aşağı düşməsi, qaraciyər xəstəlikləri... Bunlar təbii maneələrdir və xəstə belə halda qan versə, onun sağlamlığında geriləmə başlayacaq. Hətta ani huşunu itirmələr, xəstənin halının pisləşməsi, xroniki xəstəliyin aktivləşməsi kimi problemlərlə uzun müddət qarşı-qarşıya qala bilərlər”. 

M.Məmmədli qanvermə zamanı bəzən çəkinin aşağı olması bəhanəsi ilə əngəl törədilməsini isə belə şərh edib: “Bədən-çəki indeksi var. Bu, boyla bədənin bir-birinə nisbətidir. Donorun qanını müayinə edib, qərar vermək mümkündür. Tibb işçisini də anlamaq olar, çünki həmin an donora müdaxilə edib qan alarsa, donorun sağlamlığında problem yaranarsa, məsuliyyəti artıq həmin tibb müəssisəsi daşıyır. Təbii ki, başqa süni əngəllər yaratmaq doğru deyil. Tibb işçiləri belə addım atdıqları təqdirdə vətəndaş xəstəxananın rəhbərliyinə müraciət edə bilər. Dövlətimizin səhiyyə sahəsində apardığı siyasətin əsas istiqamətlərindən biri məhz könüllü donorluğun stimullaşdırılmasıdır. Araşdırılmalar baxımından qan kütlələrinin olması, təhlükəli xəstəliyi olan xəstələrə qan köçürülməsi üçün qan ehtiyatının yaradılması vacibdir. Ölkənin səhiyyə siyasətində ümumi məqsəd bundan ibarətdir ki, qanın kompanentləri və qan donorluğu stimullaşdırılsın. Bir daha çağırış edirəm ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeleyindəki müəssisələrdə Qan Bankının yaradılması çox mühüm, önəmlidir - xüsusən bizim kimi belə narahat regionda yerləşən ölkələr üçün. Əksinə, qan donorluğu təşviq edilməlidir. Qana ehtiyac olmasa belə, vətəndaşlarımız könüllü donorluqla məşğuldurlarsa, donorluqda iştirak etmək istəyirlərsə, bu, təqdirəlayiq haldır. Buna maneələrin yaradılması isə qətiyyən yolverilməzdir”. 

Xatırlatma: 2005-ci ildə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. ÜST və digər beynəlxalq qurumların təkidlərindən sonra əksər ölkələrdə qan donorlardan pulsuz, könüllülük əsasında alınır. ÜST hesab edir ki, könüllü donorların qanı daha təhlükəsizdir. Həkimlərin əksəriyyəti donorluğun faydalı olduğunu hesab edir. Belə ki, donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir. Müntəzəm donorluq - sağlamlığın vəziyyətini daim nəzarətdə saxlamaqdır. Könüllü donor olmaqla tanımadığın insanların həyatını xilas edə bilərsən. Bu, özü doğmalarının və yaxınlarının həyatı da ola bilər! 

Saglamolun.Az