Загрузка...

Hamiləlik və qadında olan bəzi xəstəliklər

Tromboflebit və damarların varikoz genişlənməsi. Hamiləliyə qədər müəyyən edilmiş bu xəstəliklər hamiləlik dovründə fəsadlaşa bilərlər. Bu zaman aşağı ətraflarda keyimə, dəri altında qarışqa gəzməsi, yorğunluq, baldır əzələlərində qıcolmalar hiss olunur.

Tromboflebitin profilaktikası üçün hamilə qadınlar öz qida rasionunda tərkibində xeyli miqdarda P, S, A, E vitaminləri, kalsium, maqnezium, kalium elementləri olan qida məhsullarının miqdarını artırmalı, aşağı ətraflarına alma sirkəsi və ya xüsusi dərman gelləri sürtməlidirlər. Bəzi həkimlər əlavə olaraq tərkibində kalsium olan dərman preparatlarının təyin edilməsini məsləhət görsələr də, digərləri bu maddəni təbii yolla, qida məhsulları vasitəsilə qəbul etməyi daha münasib olmasını israr edirlər. Kalsiumun artıq miqdarda qəbul edilməsi də yolverilməzdir. Belə ki, bu sümüklərin və dölün başındakı əmgək və sümük tikişlərinin daha tez bərkiməsinə səbəb olur ki, bu da doğuş zamanı və doğuşdan sonra bir çox arzuolunmaz patoloji dəyişikliklərə gətirib çıxara bilər.

Anemiya (qanazlığı) - hemoqlobinin səviyyəsinin 90q/l-dən aşağı olması ana və döl üçün təhlükəlidir. Bu zaman ixtisaslaşdırılmış şöbədə diaqnozun dəqiqləşdirilməsi və səbəbinin aşkar edilməsi məsləhət görülür. Hemoqlobini aşağı olan qadınlara aşağıdakı qida məhsullarının daha çox qəbul edilməsi məsləhət görülür: alma, kərəviz (bitkinin tərkibi maqnezium, dəmir, qanyaranma prosesi üçün dəyərli hesab edilən digər maddələrlə xeyli zəngindir), bal (yeməkdən sonra 1 qaşıq (adətən səhərlər), ərik (gün ərzində 100 qr (yumşaq hissəsi), mal əti, qara ciyər, yunan qabağı və balqabaq. Hemoqlobini aşağı olan hamilə qadınlara həkimlər dəmir preparatları da təyin edirlər.

Böyrək xəstəlikləri - əksər hallarda hamiləlik dövründə kəskinləşərək, ağır toksikozlara və dölün bətndaxili inkişafının ləngiməsinə səbəb olur.

Yüksək dərəcəli miopiya (yaxınıgörmə) (-7dpt başlayaraq) - doğuş vaxtı gözün torlu qişasına qan sızması ilə onun qopmasına səbəb ola bilər. Ona görə də belə hallarda doğuş Keysər kəsiyinin aparılması ilə həyata keçirilir. Hər bir belə konkret halda doğuşun təbii və ya cərrahi yolla yerinə yetirilməsi müalicə həkimi tərəfindən müəyyən edilir.

Hamiləlik zamanı bəzi hallarda appendisit xəstəliyi inkişaf edir. Appendiksin (kor bağırsağın soxulcanvari çıxıntısı) iltihablaşmasına əsas səbəb uşaqlığın böyüyərək appendiksin yerinin dəyişməsi, əyilməsi, onun gan dövranının pozulmasıdır. Hamiləliyin müddətindən asılı olmayaraq appendisit xəstəliyi təcili cərrahi əməliyyatın aparılmasına göstəriş hesab edilir.

Bronxial astması olan qadınlar hamiləliyə hazırlıq zamanı onlar və gələcək uşaqlar üçün daha az təhlükəli və effektli dərman preparatlarının seçilmiş olduğu halda, hamiləliyi normal sonluğa çatdıraraq tam sağlam körpəni həyata gətirə bilərlər. Bu zaman bütün hamiləlik dövrü ərzində qadın özünü boğulma tutmalarının baş verməsindən qorumalıdır. Əks halda döl üçün təhlükəli olan hipoksiya inkişaf edə bilər.

Uşaqlığın mioması əzələ toxumasından ibarət olan xoşxassəli şişdir. Əmələ gəlmə səbəbləri dəqiq şəkildə məlum olmasa da, əksər hallarda bu patoloji proses cinsi hormonların tarazlığının pozulmasının nəticəsi kimi qeyd edilir.

Hamiləliyin saxlanması və müvəffəqiyyətlə başa çatdırılması miomatoz düyünlərin yerləşməsindən asılı olur (belə düyünlər uşaqlıq boşluğunun həcmini azaltmaya da bilər). Mioma uşaqlıq boşluğunu deformasiyaya uğratdıqda fəsadlar da baş verə bilər (hamiləliyin öz-özünə vaxtından qabaq pozulması, ciftin vaxtından qabaq qopması, sarğı gəlişi, dölün inkişaf qüsurları). Belə fəsadların olmasını minimuma çatdırmaq üçün hamilə qadın daimi olaraq müalicə həkiminin nəzarətində olmalı və onun bütün məsləhətlərinə əməl etməlidir. Mioma təbii doğuşa maneçilik törətdikdə isə doğuş Keysər kəsiyi aparmaqla həyata keçirilir.

Uşaqlıq boynunun patologiyalarından biri uşaqlıq boynu və uşaqlığın boyunyanı hissəsinin əzələ zəifliyindən ibarətdir. Boyunyanı hissə uşaqlıq cisimi ilə uşaqlıq boynunun sərhədində yerləşmiş uzunluğu 1 sm olan kanaldır. Əzələ zəifliyi cərrahi yolu ilə uşaqsalmaların, çoxdöllü hamiləliklərin, patoloji doğuşlar zamanı uşaqlıq boynu cırılmalarının nəticəsində yaranır. Belə əzələ zəiflikləri hamiləliyin sona qədər çatdırıla bilməməsinə səbəb olur. Bu hal əsasən hamiləliyin 3-cü trimestrində baş verir ki, buna da səbəb zəif olan əzələlərin dölün artmış olan çəkisini uşaqlıq boşluğunda saxlaya bilməməsidir. Öz-özünə uşaqsalma halları müşahidə edilən qadınların müalicəsi təhlükə əlamətləri meydana çıxana qədər olan dövrdə aparılmalıdır. Ötən dəfəki öz-özünə uşaqsalma təhlükəsi olan müddətdən bir qədər əvvəl hamilə qadın mütləq yataq rejimi təyin olunmaqla xəstəxanaya yerləşdirilməlidir. Bu kömək etmədikdə cərrahi müalicə üsuluna əl atılır. Bu zaman uşaqlıq boynuna tikiş qoyulur ki, bu da əzələlərin yığılma qabiliyyətini artırır. Məhz bu yolla hamiləliyin müvəffəqiyyətlə sona çatdırılması əldə edilir. Doğuşdan qabaq tikişlər sökülür.

Qadının cinsi orqanlarının inkişafdan qalması (genital infantilizm). Belə təsadüflərdə hamiləlik əksər hallarda sona yetməyərək vaxtından qabaq başa çatır. Belə qadınlar xarici görkəmləri və digər qadınlıq əlamətləri ilə sağlam orqanizm təsəvvürü yaradırlar. Bu xəstəliyə hamiləlik vaxtı diaqnozun qoyulmasına çətinlik törədir. Çünki bu zaman artıq hamilə olan uşaqlığın ölçüləri artır. Hamiləliyin sona çatdırılmasına həkim tərəfindən təyin edilmiş olan müalicə kursu kömək edir. Bu halda hamiləliyin özü də qadın orqanizminə müsbət təsir göstərərək daxili cinsi orqanların inkişaf etməsinə səbəb olur.

Uşaqlığın retrofleksiyası (əyilməsi) patoloji halında hamilə qadın öz orqanizminə qarşı daha diqqətli olmalıdır. Qarının aşağı hissəsində ağırlıq, ağrılı sidik ifrazı, metiorizm (köpmə) kimi əlamətlər yaranarsa, hamilə qadın təcili olaraq həkimə müraciət etməlidir.

Hamiləlik dövründə uşaqlığın hipertonusu (bu, orqanın ehtimal olunan doğuş vaxtından qabaq yığılması ilə büruzə verilir) diaqnozu müəyyən edilərsə, vaxtından qabaq uşaqsalmanın qarşısını almaq üçün hamilə qadın həkim müayinəsindən keçməlidir, təyin olunan dərman preparatlarını qəbul etməlidir. Vaxtından qabaq uşaqsalmanın ilk əlamətləri (qarının aşağı hissəsində ağrılar, uşaqlıq yolundan qanlı ifrazat) yarandığı halda bu barədə təcili olaraq müalicə həkiminə xəbər verilməlidir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика