Psixoloq: Priusa yol veririk, ambulansa yox, elə bil xəstə üstünə Prius gedir...

Paytaxtın sıx avtomobil yollarında əksər sürücülərin təcili tibbi yardım maşınlarına yol verməmələri ciddi müzakirə mövzusudur. Təcili tibbi yardım əməkdaşları bildirirlər ki, ünvana tez çata bilmək üçün onlar qoşa xəttin üzərindən keçməyə məcburdurlar. Çünki xəbərdaredici siqnalı versələr də, nəticə olmur. Hətta avtomobilin pəncərəsindən əl-qolunu çıxararaq tibb işçilərinə qarşı ədəbsiz sözlər işlələr də az deyil. Bir çox hallarda təcili tibbi yardım işçilərinin ünvana gecikmələri, hətta xəstə dünyasını dəyişəndən sonra gəlib çıxmaları tənqid olunur. Lakin görünür, ləngimələrin kökü birtərəfli deyil. Bu yaxınlarda sosial şəbəkələrdə təcili tibbi yardım sürücüsünün Bakının sıx mərkəzi yollarından birində avtomobillərin arasından çətinliklə keçməsi barədə yayılan görüntülər də bunu deməyə əsas verir. Görünür, “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin “Üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər” barədə birinci bəndi sürücülər üçün əhəmiyyət daşımır. Moskva, Nyu-York, Paris kimi bir çox böyük şəhərlərdə fövqəladə hallar üçün yol bütün orta xətt boyu boş olur. “Həyat zolağı” adlanan bu yoldan bütün sürücülər məlumatlıdırlar və onlar xüsusi xidmət maşınlarının işinə orta yola girməməklə yardım etmiş, hətta neçə insanın həyatını xilas etmiş olurlar...

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova deyib ki, bir insanda mədəniyyət ya var, ya da yoxdur: “Buna görə də “sürücülük mədəniyyəti” deyəndə mənə qəribə gəlir. Bir insanın mədəniyyəti varsa, bu, yolda da özünü göstərəcək, işlədiyi ictimai müəssisədə də, ailəsində də. Yoxdursa, deməli, həyatın heç bir sahəsində mədəniyyəti yoxdur. İnsan müəyyən zaman mədəni davrana bilir. Amma bir də var ki, mədəni insanın davranışı. Mədəni insan hər yerdə mədəni davranmağı öyrənib, bilib, bu, artıq onun şüuraltına oturub. Bizdə hər zaman hamı harasa tələsir. Mən də sürücüyəm. Görürəm ki, iki maşının yerləşə biləcəyi yolda üçüncü bir maşın özünü ortadan salıb keçmək istəyir. Nə qədər cərimələrin miqdarı artırılır, tədbirlər görülür, amma insanlar elə həddə gətirirlər ki, gərək, hər bir addımlarına cərimə yazılsın. Orta yolu kimlərsə üçüncü xətt kimi istifadə edir. Axı yol ikixətlidir, sən niyə üçüncü xətti yaradırsan? Biri orta yola keçirsə, arxasınca digər sürücülər də keçir. İkixətli yolda artıq üç cərgə gedirik. Belə halda, əlbəttə, ambulansın yolu bağlanmış olur. Təkcə Ambulans deyil, digər xidməti maşınlar da var ki, onlara yol vermək mütləqdir, borcumuzdur”. 

Psixoloq deyib ki, sürücülük vəsiqəsini hər kəsin almaq imkanı var: “Savadı olan da, olmayan da, ağlı yerində olan da, olmayan da... Psixoloji problemli insanlara da sürücülük vəsiqəsi verilir. Lakin sürücülük vəsiqəsi veriləndə həmin şəxslər heç bir psixoloji testdən keçmirlər, ancaq sağlamlıqla bağlı testdən keçirilirlər. Gözün görür, qulağın eşidirsə, deməli, normalsan, sənə sürücülük vəsiqəsi verilə bilər. Bu gün yollarda nə qədər qəza baş verir. Hər kəs bir-birini günahlandırır. Artıq düşünürəm, sürücülük imtahanlarının içinə psixiatr və ya psixoloq müayinələrini də əlavə etmək lazımdır. Psixoloji durumu normal olmayan insanlara sürücülük vəsiqəsi vermək lazım deyil, çünki onlar özlərini belə idarə edə bilmirlərsə, yola niyə çıxmalıdırlar? Niyə başqaları üçün təhlükə yaratmalıdırlar? Bəzən yollarda maşınla elə hərəkətlər edirlər ki, onu əqli-şüuru, psixoloji durumu yerində olan bir insan etməz. Hansı qəzaya baxsaq, "Prius" modelini oradadır. Deyilənə görə, bu maşınlarda tormoz sistemi işləmir. Ya da o qədər ucuzdur ki, hər kəs bu maşını alır. Artıq "Prius"  görəndə düşünürük ki, sürücüsü ruhi xəstədir, buna yol verək. Sanki "Prius" sürən insan görəndə yol verməyə məcburuq, borcluyuq. Bu gün "Prius"a yol veririk, amma təci tibbi yardım maşınına yox. Elə bil xəstə üstünə "Prius"  gedir. Niyə? Çünki sürücülər artıq bilirlər ki, qəza törədənlərin çoxu "Prius"lardır, birdən maşınımı vurar, cızar, qoy tez yol verim, hara istəyirsə, getsin. Problemimiz də budur. Təcili tibbi yardım maşınına yol verməyən insanları tənqid etmirik. Bu gün sürüclərimizin çoxu elə bilirlər ki, qadınlar maşın sürə bilmirlər. Harada qəza olursa, düşünürlər ki, qəzanı qadın edib. Xeyr, qadınlar çox diqqətlidirlər, sadəcə, yolu keçib-keçməməklə bağlı o qədər hesab aparırlar ki, diqqəti hədsiz cəmləyirlər, qərar verməkdə çətinlik çəkdikləri üçün qəza edirlər. Kişilər isə içkili halda, əsəbi olduqları, yolda ötmə əməliyyatları etdikləri, yüksək sürətlə idarə etdikləri üçün qəza törədirlər. Bu gün kişilərin qəza törətmə halları qadınlardan çoxdur. Halbuki hazırda maşın sürən kifayət qədər qadın var...” 

Saglamolun.Az