Əvvəl – sonra videolarina son!

HƏKİMLƏRƏ SOSİAL MEDİA QADAĞALARI QOYULUB

Türkiyədə sağlamlıq xidmətlərinin tanıtım və məlumatlandırma qaydalarına yeni dəyişikliklər təsdiqlənib. Dəyişikliklərə görə həkimlərin və tibbi müəssisələrin reklam məqsədli sosial media paylaşımlarına ciddi məhdudiyyətlər qoyulur. “Əvvəl-sonra” görüntülərinin manipulyasiyasına icazə verilmir, şəkillər eyni şəraitdə çəkilməlidir və xəstənin yazılı razılığı mütləqdir. Əməliyyat zamanı görüntülərin paylaşılması, endirim və kampaniya tipli reklamlar da qadağan edilir. Məqsəd səhiyyə xidmətlərini reklam obyektinə çevirmədən ictimai etibarı qorumaqdır.

Azərbaycanda isə bu sahədə qanunvericilik artıq uzun müddətdir sərt tələblər müəyyən edir. “Reklam haqqında” Qanuna əsasən həkim resepti tələb edən dərmanların, icazəsiz müalicə metodlarının və tibbi manipulyasiyaların reklamı qadağandır. İnzibati Xətalar Məcəlləsi qanunsuz tibbi üsulların reklamına görə fiziki və hüquqi şəxslərə cərimələr nəzərdə tutur. Səhiyyə qurumları həkimlərin sosial şəbəkələrdə pasiyent üzərindən reklam xarakterli paylaşımlar etməsinin yolverilməz olduğunu dəfələrlə açıqlayıb.

 

Saglamolun.Az