Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Sağlamolun.az“Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
***
Fazil Mustafanın qardaşı oğlu Toğrul Sağlamolun.az-a bildirib ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Hazırda əməliyyat olunur. Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hələ ki, bilinmir”, - deyə o bildirib.
***
Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qeyd edilib ki, F.Mustafanın aldığı xəsarətlərdən həyatı üçün təhlükə yoxdur.
23-35
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.
TƏBİB-dən Sağlamolun.az bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
01:10
Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir. - DTX
10:42
Ötən gün gecə saatlarında evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa ikinci dəfə əməliyyata alınıb.
Bu fikirləri deputatın qardaşı Nazim Mustafayev məlumat verib.
O bildirib ki, onun səhhətində ciddi ağırlaşma yoxdur:
“Çiynindən aldığı yaraya görə ikinci əməliyyata ehtiyac olub. Həkimlər vəziyyətinin yaxşı olduğunu bildiriblər”.
Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.
Saglamolun.Az