Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur.
Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 400 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.
Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Saglamolun.Az