Qiymət artımını dayandıran olacaq?!

Yeni il bayramına sayılı günlər qalır. Bayramın yaxınlaşması hər gün qalxan qiymətlərdə də hiss olunur. Çünki Azərbaycanda bu xoşagəlməz hal artıq çoxdan ənənə halını alıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bahalaşmaının aktuallıq kəsb etdiyini vurğulayıb:

“Cənab prezident hər gün başqa fərmanlar imzalayır, maaşları artırır, bu davam edəcək. 2022-ci ilin dövlət büdcəsində sosial müdafiəyə kifayət qədər vəsait ayrılıb. Milli Məclisdə mən öz çıxışımda da qeyd etdim ki, maaşları qaldırırıq, ancaq ən ciddi problem qiymət artımıdı. Bahalaşma isə xaricdən Azərbaycana idxal olunan malların faizinin, qiymətinin yüksək olması ilə bağlıdı. Düzdür İqtisadiyyat Nazirliyi böyük işlər görür, çalışırlar ki, özündən qiymət artıranları cərimələsinlər. Qiymət artımı obyektiv, həm də subyektiv amillərdən asılıdır. Obyektiv odur ki, neftin və yanacağın qiyməti dünyada artır, bu səndən asılı deyil.  Subyektiv isə bayram gəlməmişdən 10 gün qabaq hər yerdə bahalaşma  başlayır. Bunun heç bir obyektiv anlayışı yoxdur, qanunsuzdur. Ümumi yanaşdıqda isə qiymət artımı var və bu əhalini narahat edən əsas məsələlərdən biridir”.

İqtisadçı-ekspert Pərviz Heydərov ölkədə bahalaşmanın əsas hərəkətverici qüvvəsinin xidmət və ərzaq məhsulları olduğunu söyləyib:

“İlin əvvəlindən bəri xüsusən, ərzağın qiymətinin yüksəlməsi ümumi inflyasiya həddinin formalaşmasında başlıca rol oynayır ki, qeyri-ərzaq və xidmətlərin qiymət artımının buna təsiri demək olar hər ay artan tendensiya üzrə inkişaf edir. Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən başlaması faktorudur. Xatırladıram ki, iqtisadiyyat may ayında pandemiyanın təsir və təzyiqindən çıxaraq, bərpa olunmağa başlayıb. Ümumiyyətlə, 2021-ci ildə ölkəmizin iqtisadiyyatı COVID-19 pandemiyasının ona vurduğu zərərləri geridə qoyaraq, sürətlə bərpa olundu. İqtisadi fəallığın bu cür bərpası bütün istiqamətlər üzrə tələbin artması ilə nəticələnir. Ancaq təklifi yaradan güclər pandemiya şəraitində xeyli müddət basqı altında qaldıqlarından, adekvat cavab verə bilmirlər. Yəni, tələbin genişlənməsi ilə ayaqlaşmırlar. Ona görə də, ortada ciddi bahalaşma var. Bu, dünyada da belədir, ölkəmizdə də”.

Ekspert qeyd edib ki, il başlanandan bəri davam edən bahalaşma səngimək bilmir və getdikcə genişlənir:

"Bahalaşma startını dünya bazarlarından götürür. Və rəvan şəkildə hər bir ölkənin daxilinə, istehlak bazarlarına, o cümlədən, bizə sirayət edir. Bizə daha sürətlə sirayət edir, çünki ən çox istehlak olunan məhsullar üzrə idxaldan asılı vəziyyətdəyik. Odur ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı vacib edir. Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Prezident İlham Əliyev tərəfindən artıq buna dair bir sıra müvafiq sənədlər imzalanıb. Məsələn, yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 250 deyil, 300 manat olacaq. Təhsil işçilərinin əməkhaqları orta hesabla 20 faiz artacaq. Demək olar ki, bütün növ sosial müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə yüksələcək. İndi əsas sual odur ki, həyata keçiriləcək artımlar mövcud qiymət artımı və inflyasiya tempinə görə qənaətbəxş həddə sayılırmı və əhalinin rifah halının yaxşılaşdırılması baxımından nə dərəcədə effektiv əhəmiyyət kəsb edir? Çünki ilin əvvəlindən bəri hər yerdə olduğu kimi ölkəmizdə də istehlak qiymətləri artmaqda davam edir, inflyasiya yüksək səviyyədə olmaqla, yüksəlməkdə olan təklifi qarşılaya bilmir”.

Saglamolun.Az