Bakıda su filtrlərinin reklamı ilə “Azərsu”nun sakinlərə verdiyi suyu antireklam edirlər.
Oxu.Az-ın məlumatına görə, bunu qurumun sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir:“Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur”.
Q.Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsindən də danışıb.
Sədr qeyd edib ki, korporativ binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidir və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.
Saglamolun.Az