Uşaqların vaxtından tez yeriməsi təhlükəlidir - Həkim

Vaxtından əvvəl, yəni 10 ayından aşağı uşaqların yeriməsi genetikdir.

Bunu valideynlər sevindirici hal kimi qiymətləndirir, amma bilmək lazımdır ki, vaxtından əvvəl yerimək uşaqlara mənfi təsir edir.

Bu sözləri Axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib. O bildirib ki, bir müddət sonra uşağın normal yerimə vaxtı yetişdikdə yerişində müəyyən problemlər üzə çıxa bilər:

"Uşaqların vaxtından əvvəl yeriməsi onlarda sümük problemlərinin yaranmasına səbəb ola bilər. Onların normal yerimə vaxtı 10-11 aylığından sonra sayılır. Bu proses 1 yaş 8 aylığına kimi davam edə bilər. Əgər uşaqlar 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu tibdə patologiya sayılır. Bunun səbəbləri nevroloq və pediatr vasitəsi ilə üzə çıxarılmalıdır".

Kəmalə Əmrahova uşaqların dil açma müddətindən də danışıb:

"6 ayından başlayaraq körpələr tək-tək sözlər deyir. 1 yaş və 1 yaş 2 aylığında artıq uşaqlar qısa cümlələr qurmağı bacarmalıdır. Onlar həmin dövrdə ətrafdakı insanların nə dediyini anlayır. İki yaşında sonra isə sərbəst danışa bilirlər. Əgər 1 yaşı tamam olan uşaq iki sözdən ibarət cümlə qura bilmirsə, bu, artıq nevroloji patologiyadan xəbər verir. Uşaqda dilin gec açılması əqli inkişaf geriliyinə səbəb olur".

Saglamolun.Az




loading...

.