"Peşəsinə, özünə hörmət edən müəllim heç vaxt şagirdlə kobud davranmaz”.
Bu sözləri Sherg.az-a 321 nömrəli orta məktəbdə 12 yaşlı şagirdin müəllimi tərəfindən döyülməsi ilə bağlı açıqlama verən əməkdar müəllim Almaz Həsrət deyib.
Ekspertin qənaətincə, şagirdə qarşı belə münasibət göstərən müəllimlər bağışlanmalı deyil:
"Müəllim ilk növbədə öz adına hörmət etməyi bacarmalıdır. Orta məktəbdəki şagirdlərin hər biri bizim övladlarımızdır. Savadı və yetərincə dünyagörüşü olan müəllim heç vaxt qarşısında oturan şagirdə əl qaldırmaz.
Əgər hansısa problem varsa, şagirdi sözlə tərbiyələndirə bilər. Görsə ki, şagird sözlə heç nə anlamır, hüquq mühafizə orqanlarına müraciət edə bilər. Təhsil Nazirliyi tərəfindən "məktəblinin dostu” layihəsi həyata keçirilir. Belə hallarda həmin layihə rəhbərlərindən də kömək almaq olar. Bəlkə, şagirdin hansısa ciddi problemləri var.
Onsuzda bu yaxınlarda 162 saylı orta məktəbdə ağır hadisə yaşandı. Məlum oldu ki, hadisənin kökündə ailə münasibətinin düzgün qurulmaması dayanır. Uşağın tərbiyəsinin formalaşması əsasən ailədən irəli gəlir. Ailədəki soyuqluq, biganəlik, laqeyd münasibətlər uşağın psixoloji sarsıntı keçirməsinə səbəb ola bilir. Bütün bunları nəzərə alan müəllim ilk növbədə məktəbin psixoloquna müraciət etməlidir.
Ən son vəziyyətdə isə hadisəni polisə, icra hakimiyyətinə bildirməlidir. İcra hakimiyyətlərində yeniyetmə şagirdlərlə məşğul olan qurumlar var. Bir sözlə, məktəbdə şagirdlərlə bağlı problem yaşanırsa, məsələdən çıxış yolları da var. Hansısa müəllim səbrinə hakim ola, davranışlarını idarə edə bilmirsə, o, müəllim kimi çalışmamalıdır”.
Qeyd edək ki, Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Döyülən şagird xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib.
Saglamolun.Az