Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyibki, ailələr problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər.
Buna görə də onların münasibəti boşanma ilə nəticələnir:
"Ailələrin problemi odur ki, nəticələrlə mübarizə aparırlar, lakin problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər və sonda da məhkəmələrə üz tuturlar”. Şöbə müdirinin fikrincə, ailə münasibətləri hüquqla tənzimlənməlidir. Ailə qanunvericiliyinin əsas məqsədi ailənin möhkəmliyinin təmin edilməsidir:
"Ailə Məcəlləsinə əsasən, ailə münasibətləri məhəbbət, qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ailə üzvlərinin hüquqları maneəsiz təmin olunmalıdır. Ailə könüllü ittifaq olmalıdır, ancaq Azərbaycanda ailələrin böyük əksəriyyəti kənar müdaxilə əsasında qurulur. Ailə sevgi əsasında formalaşmalı, kənardan kiminsə müdaxiləsi olmamalıdır. Bəzən isə ailələr nikahı dövlət qeydiyyatına almırlar, sadəcə dini kəbinlə kifayətlənirlər, deyirlər ki, bir az yaşasınlar, sonra rəsmi nikaha baxarıq. Bu da əsasən valideynlər tərəfindən edilir. Sonra da ailədə problem ortaya çıxanda qadınlar hüquqi yardım ala bilmirlər, çünki hüquqi nikah yoxdur. Burada diqqətli olmaq lazımdır, rəsmi nikah olmadan ailə qurmaq düzgün deyil”.
Psixoloq Fərqanə Mehmanqızının fikrincə, ailədaxili problemlərin həlli istiqamətində müəyyən addımlar atmazdan əvvəl şəxsiyyətlərin xarakterini nəzərə almaq lazımdır:
"Adi bir məsələni "şişirdən”, "çürüdənə qədər” əl çəkməyən insan tipləri var. Belə adamlarla hansısa problemin həlli istiqamətində söhbət etmək mümkün olmur. Elə insan da var ki, ümumiyyətlə, danışığa gəlmir. Təbii ki, heç birimiz ailədaxili münaqişələrin hansı şərtlər altında baş verdiyini, məhkəməyə qədər hansı mübarizələrdən keçdiyini dəqiq bilmirik. Ailəsini qorumaq üçün güc, enerji sərf etməyən bir insanın olması inandırıcı deyil”.
Psixoloqun sözlərinə görə, Azərbaycan ailəsinin ən böyük problemi kənar müdaxilələrdir: "Təəssüflə qeyd etməliyəm ki, bizim ailələr ər və arvaddan ibarət deyil. Azərbaycan ailəsində tərəflərdən daha çox valideynlərarası münasibətlər ön plana çəkilir. Hələ bəzi ailələrdə bacı- qardaşlar da işin içində olur. Məhz bu kimi müdaxilələr səbəbindən tərəflərin bir-biri ilə oturub söhbət etməsinə, aralarındakı problemi həll etməsinə gərək belə qalmır. Ata-analar bir araya gəlib qərar verir və ər-arvad artıq gözünü açanda özlərini məhkəmə zalında görürlər. "Ailə iclası”nda valideynlər onlara söz haqqı vermədiyi üçün bu insanların ancaq boşandıqdan sonra fikirləşmək, qərar qəbul etmək imkanları olur. İldən-ilə artan boşanma statistikasında az hallarda iki nəfərin qərarı əsasında baş tutan ayrılığa rast gəlmək olar”.
F.Mehmanqızı deyib ki, ailədaxili problemin yaranmaması üçün tərəflər ailə psixoloqlarına müraciət etməli, mütəxəssis yardımı almalıdırlar:
"Ən əsası isə problemlərə soyuqqanlı yanaşmaq lazımdır. "Anan belə dedi”, "bacın bunu elədi” kimi mənasız söz-söhbətlərə aludə olub, arada soyuqluq yaratmaq, münasibətləri pozmaq doğru deyil. Ən azından mövcud problemin aradan qalxması üçün biri-birinə zaman verməlidirlər. Boşanandan sonra yenidən bir araya gələn cütlüklər olur, halbuki bu zamanı vaxtında biri-birlərinə versələr, boşanmaq məcburiyyətində qalmazlar. Ən əsası isə ailə iclasları, valideyn müdaxilələrinə son qoyulmalıdır”.
Saglamolun.Az