Nə üçün stres ürəyi zədələyir? Professor izah edir

Stres əcdadlarımızın ən yaxşı dostu idi, onların həyatını qurtarırdı. Lakin müasir insanlar haqqında bunu demək olmaz.

Stres müasir insanların düşmənidir, ürək-damar sistemini sıradan çıxardan, insan həyatını qısaldan əsas amildir. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, almaniyalı professor Kristof Herrmann-Linqen bunun səbəblərini izah etdi.

Təhlükə zamanı orqanizmdə çoxlu miqdarda stres hormonları (adrenalin, noradrenalin və kortizol) ifraz olunur. Onların təsirindən qan dövranı və tənəffüs tezləşir, əzələlər qanla daha yaxşı təchiz olunur, beyin aktivləşir. Bədən 2 mümkün olan ssenariya hazırlaşır – döyüşmək və ya qaçmaq. Hər 2 halda fiziki aktivlik, əzələ aktivliyi tələb olunur. Fiziki aktivlik stresin bədəndən çıxmağına səbəb olur ki, nəticədə orqanizm sakitləşir və rahatlaşır.

Lakin bu gün insan stresi aktiv şəkildə deyil, passiv şəkildə yaşayır. Nəticədə orqanizmdə əmələ gələn əlavə enerji sərf olunmur, stres daha uzunmüddətli olur, güclü gərginlik yaranır.

Stres zamanı ürək və qan dövranının aktivləşməsi nəticəsində təzyiq qalxır. Əzələ aktivliyi olmadıqda təzyiq uzun müddət ərzində yüksək səviyyədə qalır və bu da ürək və damarlara ciddi ziyan vurur, onların həddindən artıq yüklənməsinə səbəb olur, hipertoniyanın inkişafına gətirib çıxardır.

Professor qeyd edir ki, vaxt keçdikcə yüksək təzyiqin təsirindən ürək əzələsi və damarlar zədələnir, aritmiya, infarkt və ya ürək çatışmazlığı inkişaf edir.

Bütün bunları nəzərə alaraq professor stresli həyat sürən insanlara fiziki aktiv olmağı, müntəzəm olaraq idman və bədən tərbiyəsi ilə məşğul olmağı, daha çox piyada gəzməyi tövsiyə edir. Bütün bunlar orqanizmdə stresin səviyyəsini azaldaraq ürəyi və damarları qorumağa kömək edir.  

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...