İldən ilə xərçəng xəstəliyinin aldığı canların sayı artır. Dünyanı ağuşuna alan bu qorxunc xərçəng xəstəlik artıq ölkəmizdə də tüğyan edir.
Hər gün bir neçə sosial şəbəkə istifadəçisinin bu xəstəlik üzündən yaxınını itirməsi xəbərini alırıq. Kimisə də əzizlərindən birinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini paylaşaraq maddi kömək istəyir. İmkanı olanlar isə sadəcə "Dualarınızı əsirgəməyin” deyə dəstək gözləyir.
Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə Azərbaycanda xərçəngə yoluxan insanların sayının artması iddialarını doğru hesab etmir. Əgər müxtəlif zaman fərqi ilə bir ailənin bir neçə üzvü xərçəng xəstəliyindən dünyasını dəyişibsə, burada ailəvi faktorlar önə çəkilməlidir. Bu ölkədə xərçəng xəstələrinin sayının artması parametrlərinə cavab vermir:
"Bu xəstəlikdə genetik amilin mühüm rol oynadığını unutmamaq lazımdır. Xərçəng xəstəliyi həm gendən, yəni atadan, anadan gələ bilər, həm də sonradan qazanılmış ola bilər”.
Həkimin sözlərinə görə, xəstəliyin yayılmasında oturaq həyat və düzgün qidalanmama, ətraf mühitin təmiz olmaması mühüm rol oynayır:
"Xəstəliyin yaranma səbəbi çoxdur. Bunların hamısı açıqlanmış deyil, amma müəyyən faktlar məlumdur. Bu faktların başında insanın həyat tərzi və keçirdiyi infeksiyalar yatır. Əslində, xəstəliyin sürətlə yayılmasına GMO məhsulları deyil. Buna səbəb, hərəkətsiz yaşam tərzi, qeyri-təbii bəslənmə, məsələn, kolbasa, tez hazır olan məhsullar və şəkərdir. Söhbət şəkər xəstəliyindən getmir, şəkərin özündən gedir".
Azərbaycanda ən çox yayılan xərçəng xəstəliyinin dəri xərçəngi olduğunu vurğulayan uroloq-cərrah bunu da günəş şüası ilə əlaqələndirib.
V. İsmayıl deyib ki, xərçəng xəstəliyindən qorunmaq üçün kompleks tədbirlər mövcuddur:
"Birincisi, xərçəng xəstəliyinin yaranıb-yaranmadığını öyrənmək üçün, müəyyən dövrdə həkimə gedilməli və müəyyən müayinələrdən keçmək lazımdır. Vacib amillərdən biri də düzgün həyat tərzidir. Gün ərzində minimum 3 kilometr sürətli addımlarla gəzmək məsləhətdir. Qaçmaq yox, gəzmək.
Daha sonra, qida rejiminə diqqət etmək lazımdır. Məsələn, un. Əvvəllər kəpək unlar var idi. Amma biz təmizlənmiş undan istifadə edirik.
Ən böyük fakt şəkərin ortadan qaldırılmasıdır. Tamamilə, şəkərdən qorunmaq lazımdır. Bu gün qidada qətiyyən şəkərdən istifadə etmək olmaz. Biz bundan vaz keçə bilməsək də, məcburuq. Bitki qidalarına üstünlük vermək lazımdır. Qida təbii olmalıdır, yəni dərildiyi, toplandığı kimi. Pomidoru yaxşı qızardıb yemək olar, ondan insana heç nə olmaz. Ancaq pomidoru ketçup kimi yesəniz, yəni souz şəklində onun ziyanı ola bilər. Bunlara diqqət edərək, xərçəngdən qorunmaq olar".
Həkim xərçəng xəstəliyinin əksər növünün müalicəsinin olduğunu bildirib:
"Bu gün xərçəng xəstəliyi geniş yayılıb. Amma nəzərinizə çatdırıram ki, mədəni ölkələrdə xərçəngdən ölən insan sayı nisbətən çox azdır. Mətbuatda yazırlar ki, guya onların öz dərmanları var. Xeyr. Sadəcə, onlar misal çəkdiyim qaydalara əməl edirlər. Qidalanmada, idmanda əməl edirlər, vaxtında həkimə gedirlər. Onsuz da, xərçəng xəstəliyi elə bir xəstəlikdir ki, hər hansı formada sonda alnımıza yazılıb. Bunun üçün əvvəlcədən xəstəliyi aşkarlayıb müalicə etdirə biləcəksən.
Deyirlər, xərçəngin müalicəsi yoxdur. Amma xərçəng xəstəliyinin əksəriyyətinin müalicəsi var. Bunu da, bir çox insanlar həyata keçirir. Məsələn, avropalılar 90-95 yaşına qədər yaşayır. Bizim insanlar 60-65 yaşına qədər vəfat edir. Sadəcə olaraq, hər şeyin kökündə düzgün həyat tərzi durur".
Saglamolun.Az