Загрузка...

Dərmansız qarpıza bıçaq vuranda partlamalıdır

Mütəxəssislər zəhərli bostan məhsullarını tanımağın yolunu göstərdilər: "Şirinliyə aldanmayın!.."

Qarpızın yetişmə vaxtı iyulun sonlarından başlayır. Mütəxəssislər avqustdan tez qarpız yeməyi məsləhət görmürlər. Buna baxmayaraq, artıq dükan-bazarlarda qarpız-yemiş satışına rast gəlirik.

Musavat.com bildirir ki,iyunda yetişən qarpızın tərkibinə qırmızı rəng nitrit vurulduğu deyilir. Bu isə orqanizm üçün zəhərlidir. Tərkibində nitrat olan qarpızlar həssas orqanizmi olan insanlarda ölümə qədər gətirib çıxara bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, hazırda qarpızların və yemişlərin tərkibində nitritlərin miqdarı 2-3 dəfə çoxdur: "Qarpız-yemişlərin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitratlar insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə, bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrit olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrit qəbul etsə, zəhərlənər. Hesablasaq görərik ki, bir adam hətta tərkibində normalara uyğun 60 milli qram olan 3 kilo qarpız yesə, artıq o, zəhərlənməyə məruz qalar. Mən bu rəqəmləri ona görə deyirəm ki, ötən il biz monitorinq apardıq və qarpızların tərkibində nitritlərin miqdarı nəinki 60, 200-250 milli qram çıxdı. Həmin qarpızlardan adam bir kilo yesə, zəhərlənər. Artıq bazarlarda təhlükəli məhsullar var. İnsanlar kütləvi tədrici zəhərlənmənin qurbanları olur".

E. Hüseynov istehlakçılara tövsiyə edir ki, həddindən artıq böyük qarpız almasınlar: "Azərbaycan şəraitində təmiz qarpız 5-6 kilodan böyük olmur. Qarpıza bıçaq vuranda partlamalıdır. Qabığı 5 mm-dən artıq olmamalıdır. Rəngi al qırmızı olmalıdır. Ağ zolaq görünməməlidir. Qarpızın şirinliyinə aldanmasınlar. Gübrə verilmiş qarpız bəzən şirin və çəhrayı rəngdə olur".

E. Hüseynov hər il olduğu kimi bu il də monitorinq aparacağını deyir: "Ötən il biz Azad İstehlakçılar Birliyində olan xüsusi cihazla monitorinq apardıq. Bakının bir bazarında belə nitritlərdən azad olmuş təmiz qarpız tapa bilmədik. Çox qarpız almaq istəyənlərə təmənnasız olaraq ekspertiza edə bilərik".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin Baş məsləhətçisi Səidə Səmədova istehlakçılara tövsiyə edir ki, qarpız seçimi edərkən ölçü və tamlığına nəzər yetirilməlidir: "Üzərində yarıq və çatların olmamasına, saplağı yaşıl olub, üzərində sarı ləkələrin olmasına diqqət verilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ, sonradan isə açıq sarıya çevrilir. Bundan əlavə, qarpızın cizgiləri aydın olmalıdır. Yetişmiş qarpız seçərkən onun saplağının incə və quru olmasına diqqət etməli, qabığına dırnaqla toxunduqda asanlıqla cızılıb dırnağınız qarpıza girməməlidir.

Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Bu zaman bıçağın sanitariya və gigiyena qaydalarına uyğun təmizlənməsi və qarpızın içinə kənar maddələrin düşməməsi təmin edilməlidir. Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək üçün qarpız mövsümündə istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilir. Belə məhsulların istehlakından imtina edilməlidir".


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика